Məcburi köçkün çörəkpulu ala bilmir.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Bayram Qasımov əslən Kəlbəcər rayonunun Qasımbinə kəndindəndir.
Hazırda Tərtər rayonu 96 saylı peşə məktəbində məskunlaşıb. 2007-ci ildə ailə qurub və 2 övladı var. Günəmuzd qazandığı gəlirlə ailəsini dolandırmağa çətinliklə çatır.
O, dəfələrlə 7 ildir çörəkpulu ala bilməməyi ilə bağlı Kəlbəcər rayon İcra Hakimiyyətinə müraciət etsə də kömək göstərən olmayıb.
“Yeddi ildir mənim başıma oyun açırlar. Sənədləri verən kimi deyir bir ay, iki ay gözlə. 7 ildir belə gözləyirəm. Dəfələrlə sovet sədrinə də müraciət eləmişəm”.
Kəlbəcər rayon Qasımbinə kəndinin icra nümayəndəsi Kamil Abdullayev isə şikayətçinin iddialarının əsassız olduğunu bildirdi. Onun sözlərinə görə, Bayram Qasımov valideynlərinin himayəsində olana qədər çörəkpulu alıb. Lakin, sonradan uzun müddət respublikadan kənarda yaşadığından çörəkpulu ləğv olunub.
Məcburi köçkün olduğunu təsdiq edən sənədi isə 2011-ci ildə alıb. Bundan sonra özünün çörəkpulu da bərpa olunub. Uşaqlarının çörəkpulu almaması ilə bağlı məsələyə gəldikdə icra nümayəndəsi sənədlərinin 2 dəfə Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinə təqdim edildiyini bildirdi. Ancaq sənədlər natamam olduğu üçün geri göndərilib.