Bakı-Şamaxı yolunun 59-cu kilometrliyində, Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində baş verən avtomobil qəzası zamanı xəsarət alanlarından daha biri dünyasını dəyişib. Bununla da dəhşətli qəzada ölənlərin sayı 7-yə çatıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı ölənlərin hamısının adı məlum olub.
Xəstəxanadan verilən məlumata görə 90 KU 103 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşının sürücüsü, Qobustan rayonu Qızılbaş qəsəbə sakini, 1990-cı il təvəllüdlü Qasımov Nurlan Ədalət oğlu və sərnişinləri - Qızılbaş qəsəbə sakinləri Əliyev Güloğlan Balaxan oğlu və Bəndiyev Rəhman Əmrah oğlu dünyasını dəyişib.
Ağsu rayonun Qasımbəyli kənd sakini, 1956-cı il təvəllüdlü Hacıyev İnqilab Tacəddin oğlunun idarə etdiyi 90 BC 517 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobildə olan 4 nəfər – sürücü özü, Ağsu rayonunun Ərəbmehdibəy kənd sakini, 1985-ci il təvəllüdlü Xəlilov Səməndər Kamandar oğlu, 1937-ci il təvəllüdlü Nuriyeva Tutu Əli qızı və Ağsu rayonu Gəgəli kənd sakini, 1991-ci il təvəllüdlü Mədətov Valeh Şirin oğlu da ölüb.
Məlumata görə, hərbçi Səməndər Xəlilov Yeni il bayramı ilə əlaqədar Bakıda xidmət etdiyi hərbi hissədən məzuniyyətə çıxaraq, yaşadığı Ağsu rayonuna gedirmiş.
Avtomobillərdə olan 8 nəfərdən sağ qalan bir nəfər - 1983-cü il təvəllüdlü Nuriyeva Gülşən Vəlimusa qızı hazırda ağır bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasındadır.
Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
19:30
Ölənlərdən 3-nün şəxsiyyəti dəqiqləşdirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, dünyasını dəyişənlər Ağsu rayonun Qasımbəyli kənd sakini - 1956-cı il təvəllüdlü İnqilab Hacıyev, Ağsu rayonunun Ərəbmehdibəy kənd sakini, 1985-ci il təvəllüdlü Xəlilov Səməndər Kamandar oğlu və 1937-ci il təvəllüdlü Nuriyeva Tutu Əli qızıdır.
Onlar aldıqları ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib.
1983-cü il təvəllüdlü Nuriyeva Gülşən Vəlimusa qızı və Nurlan Rəsulov isə ağır bədən xəsarətləri ilə Qobustan Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, hadisə bu gün saat 15:30 radələrində Bakı-Şamaxı yolunun 59-cu kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.
Ağsu rayonun Qasımbəyli kənd sakini 1956-cı il təvəllüdlü Hacıyev İnqilab Tacəddin oğlunun idarə etdiyi 90-BC-517 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn Rəsulov Nurlan Ədalət oğluna məxsus 90-KU-103 dövlət nömrə nişanlı “VAZ 2107” markalı maşınla toqquşub. Hadisə nəticəsində 6 nəfər dünyasını dəyişib, iki nəfər ağır xəsarət alıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
16:24
Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, hadisə şahidi, Müsavat Partiyasının Divan üzvü İkram İsrafilin Musavat.com-a verdiyi məlumata görə, “VAZ-2107” markalı iki avtomobil toqquşub.
Dəhşətli qəza nəticəsində 5 nəfər ölüb, 3 adam ağır yaralanıb. Yaralılardan biri əsgərdir. İkram İsrafil bildirir ki, hələ təcili yardım briqadaları hadisə yerinə çatmayıblar.
Xahiş olunur ürəyi zəif olanlar şəkillərə baxmasın.