Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb.
Tətbiq olunacaq yeniliyə əsasən, hadisə ilə bağlı sığorta ödənişi yaşayış sahəsinin yerləşdiyi əraziyə və sahəsinə uyğun olaraq formalaşdırılacaq. Burada məqsəd xidmətin səviyyəsini artırmaq, sığorta hadisəsi və təminatı zamanı əmlakın dəyərinə daha yaxın məbləğdə ödənişi təmin etməkdir.
İqtisadçı Eyyub Kərimlinin Baku TV-yə bildirdiyinə görə, mövcud sistemdə bəzi hallarda sığorta ödənişləri əmlaka dəymiş zərəri tam qarşılamaq üçün kifayət etmirdi. Xüsusilə yüksək bazar dəyərinə malik yaşayış sahələrində mövcud sığorta təminatı ilə real zərər arasında uyğunsuzluq yaranırdı.
O bildirib ki, yeni yanaşmanın bu fərqin aradan qaldırılmasına və zərərin daha ədalətli şəkildə ödənilməsinə töhfə verəcəyi gözlənilir. Hazırda daşınmaz əmlakın icbari sığortası üzrə sığorta təminatı Bakıda yerləşən yaşayış sahəsi üzrə 25 min, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində 20 min, digər şəhər və rayonlarda isə 15 min manatdır.
Sığorta haqqına gəlincə, məbləğ Bakı üzrə 50, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində 40, digər şəhər və rayonlarda isə 30 manat təşkil edir.