Bakıda baş verən dəhşətli intiharın bəzi təfərrüatları məlum olub.
Oxu.Az xəbər verir ki, Yasamal rayon prokuroru Həsrət Pirməmmədov APA-ya bildirib ki, 17 yaşlı Aytac Fərzəliyeva intihar etməzdən əvvəl məktub yazıb.
O, məktubunda: “Bağışlayın, özümü öldürürəm” sözlərini qeyd edib.
Rayon prokurorunun sözlərinə görə, hadisə baş verən zaman evdə intihar edən qızın atası, anası və dayısı olub. Əvvəlcə qız özünü binadan atıb. Sonradan isə anası binadan düşüb. Ananın hansı şəraitdə binadan düşməsi isə hələlik məlum olub:
“Hadisənin dəqiq səbəbləri araşdırmalar başa çatandan sonra məlum olacaq”.
Yasamal rayon Polis İdarəsindən bildirib ki, həmin ailənin 14 yaşlı qızı Aytən Fərzəliyeva bir neçə gün əvvəl itkin düşüb.
12:27
Bu gün səhər Bakı şəhərinin Yasamal rayonunda ana və qız yaşayış binasının 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər.
Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, bu barədə Yasamal rayon Polis İdarəsindən bildiriblər.
Hadisə Yeni Yasamal 2, ev 10 ünvanında baş verib. Bu ünvanda yaşayan 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər.
Abbasovanın mənzilində məktub tapılıb, bu məktubda 17 yaşlı Yeganə artıq yaşamaq istəmədiyini yazıb.
İntiharın səbəbinə gəldikdə isə istintaq hesab edir ki, bu, Abbasovanın 14 yaşlı digər qızı – Fərzəliyeva Aygün Asəf qızının itməsi ilə bağlıdır. O, avqust ayının 9-da səhər 07.00 radələrindən evdən gedib və geri dönməyib. Əməliyyatçılar hələ qızı tapmayıblar.
Bununla yanaşı əməliyyatçılar Abbasovanın ərini – Asəf Fərzəliyevi dindiriblər. Kişi bildirib ki, o səhər tezdən küçədəki səs-küydən oyanıb, mətbəxə keçib və pəncərənin açıq olduğunu görüb. O, pəncərədən baxanda yerdə doğmalarının cəsədini görüb. Qeyd edək ki, Abbasova üç uşaq anasıdır.
Fakt üzrə istintaq davam edir.
10:27
Bakı şəhərində dəhşətli intihar hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 09.30 radələrində Yeni Yasamal 2, ev 10 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər. Onların intihar etməsinin səbəbləri hələlik məlum deyil.
Polisdən həmçinin bildirilib ki, iki üzvü intihar edən ailənin bir neçə gün əvvəl 14 yaşlı qızları itkin düşüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
