Abşeron rayonu Masazır qəsəbəsində iki avtomaşının toqquşmasına səbəb olan yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, qəza zamanı Cəfərov Babək Rüstəm oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomaşınla, Nuriyev Rüstəm Cəfər oğluna məxsus “Hyundai” markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza nəticəsində “Jiqulidə” olan bir nəfər sərnişin 26 yaşlı Teymurova Fidanə Talıb qızı hadisə yerində dünyasını dəyişib.
Şahidlərin sözlərinə görə mərhum qəza anında zərbənin şiddətindən nəqliyyat vasitəsindən bayıra çıxaraq təxminən 10 metr yoldan kənara düşüb. Aldığı xəsarətlər isə onun həyatına son qoyub.
Hadisədən sonra əraziyə Abşeron rayon polis şöbəsinin əməkdaşları cəlb edilib. İlkin məlumata görə, “Hyundai” markalı avtomobil Masazır qəsəbəsinin ərazisində sola dönərkən sürücü arxadan gələn avtomobilləri gözləməyib. Masazır qəsəbəsindən Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan “VAZ 2107” markalı maşın isə artıq dönmək üzrə olan “Hyundai”ya çırpılıb.
Hadisə ilə bağlı Abşeron rayon polis şöbəsində cinayət iş başlanılıb. Qəzanın səbəbləri isə təyin edilən avtotexniki və tibbi ekspertizaların rəyindən sonra məlum olacaq.