Bu, onların öz daxili işləridir, özləri bilər nə edirlər, hansı addımları atırlar, bunlar bizlik məsələlər deyil.
Oxu.Az xəbər verir ki, bunu Gün.Az-a millət vəkili Məlahət İbrahimqızı Böyük Britaniya hökuməti tərəfindən həmin ölkənin vətəndaşları olan eynicinslilərin Azərbaycan da daxil olmaqla dünyanın 23 ölkəsində Britaniya konsulluqlarında evlənə bilmələrinə icazə verilməsinə münasibətini bildirərkən dilə gətirib.
Millət vəkilinin dediyinə görə, ümumiyyətlə, cinsi azlıqların, eynicinslilərin nikaha daxil olması, evlənməsi bu gün tək Böyük Britaniya üçün deyil, bir sıra Avropa, Qərb, o cümlədən, bəzi Amerika ölkələri üçün də xarakterikdir.
“Bir sıra ölkələr var ki, artıq neçə illərdir bu məsələni qanuniləşdirib, ona hüquqi don geyindiriblər. Yəni, bu, təzə məsələ deyil, bu, çoxdan var. Odur ki, biz indi hansısa dövlətin bu məsələ ilə bağlı işlərinə, daxili məsələlərinə, daxili qərarlarına qarışa bilmərik. Özləri bilər, nə edirlər-etsinlər, bunun bizə heç bir aidiyyatı yoxdur.
Ancaq eyni zamanda qeyd edim ki, bizim dövlətin də, cəmiyyətin də bununla bağlı öz mövqeyi var, hamımız bu məsələdə eyni hədəfə vururuq, yəni, cinsi azlıqların hüquqlarının tanınması, onların nikahlarının qanuniləşdirilməsi və sair, bizim üçün heç cür qəbulolunan deyil. Biz bunu heç zaman qəbul etməmişik və etməyəcəyik də. Bizim öz dəyərlər, əxlaq sistemimiz var.
Lakin bununla belə, bir daha qeyd edirəm ki, bizim bu məsələyə, başqa ölkələrin işlərinə, daxili qərarlarına qarşımaq ixtiyarımız yoxdur. Səhvdir, düzdür, özləri bilər, bizlik deyil” - deyə, millət vəkili sözlərinə əlavə edib.
Qeyd edək ki, Britaniyadan olan eynicinsli cütlüklər Azərbaycanda evlənə bilərlər. Bu barədə Britaniya hökumətinin saytında məlumat yerləşdirilib.
Məlumatda deyilir ki, eynicinslilər indi Azərbaycan da daxil olmaqla dünyanın 23 ölkəsində Britaniya konsulluqlarında evlənə bilərlər.
Siyahıda keçmiş sovet ölkələrindən Rusiya və Latviyanın adı var.
Həmçinin həmin ölkələr arasında Avstraliya, Boliviya, Çin, Çili, Estoniya, Macarıstan, Monteneqro, Yaponiya, Serbiya, Vyetnam, Filippin, Kosova və digərləri var.