Daxili İşlər Nazirliyi yazıçı Aqşin Yeniseyin dini məqaləsinə görə hədələnməsi xəbərinə münasibət bildirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, əgər hər hansı vətəndaş həyatı üçün təhlükə hiss edirsə və həmin təhlükəni real sayırsa, o zaman bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə, yaxud aidiyyəti üzrə polis bölməsinə və ya idarəsinə müraciət edilməlidir:
“Müraciət daxil olduqdan sonra məsələ araşdırıla və araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qaydada tədbir görülə bilər”.
Qeyd edək ki, A.Yeniseyin bir neçə gün əvvəl Kütləvi İnformasiya Vasitələrində “Şeytanın qapı qonşusu” adlı yazısı dərc olunub.
Həmin yazı dərc edildikdən sonra gənc yazar sosial şəbəkələrdə bir qrup dindarın basqısına məruz qalıb. Aqşin Yeniseyin yazısına münasibət bildirən dindarlar onu ölümlə hədələyiblər, bəzi şərhlərdə hətta onun yazısı barədə hansısa mücahidlərə xəbər çatdırmaq istəyi qeydə alınıb.
A.Yeniseyin qalmaqallı yazısından parçaları sizə təqdim edirik:
“Türk arkadaşlar demiş, ayların sultanı, imperatoru, prezidenti, prokuroru, canım sənə desin, meqastarı olan Ramazan ayı yenə özünü yetirdi”...
“Bundan əvvəl isə İbrahim peyğəmbər belə bir dini islahat aparmışdı; Allah yolunda insanı (yəni övladı İsmayılı) deyil, bir cüt qoçu qurban kəsmişdi və kütləni buna inandırmaq üçün özündən rəvayət də uydurmuşdu ki, Allah özü uşağın kəsilməsini istəməyib, göydən bir cüt qoç göndərmişdir”...
“Yəni demək istədiyim odur ki, Allahın özü belə göndərdiyi peyğəmbərlər vasitəsilə insanın dini dünyagörüşündə müxtəlif islahatlar aparmışdır. Biz isə hələ də ətəyimizə pul və daş yığıb, Allaha tapınmaq və şeytanı daşlamaq üçün Ərəbistana gedirik. Sanki, Allah da, şeytan da orada, Ərəbistanın qumlu, yulğunlu səhralarında qapıqonşudurlar”...
Məqalənin tam mətni: http://oxu.az/society/1577