Ermənistan mənbələrinin xəbərinə görə, iyulun 16-dan 17-nə keçən gecə Azərbaycan ordusunun mövqelərindən açılan atəş nəticəsində İrəvan-Tiflis yolu bağlanıb.
Oxu.Az Avropainfo-ya istinadən xəbər verir ki, bu haqda Ermənistanın Tavuş rayonunun Azərbaycanla həmsərhəd yaşayış məntəqəsi icmasının rəhbəri Narek Saakyan məlumat verib.
N.Saakyanın iddiasına görə, Azərbaycan ordusunun mövqelərindən gecə boyu İrəvan-Tiflis şosse yolunun həmin ərazidən keçən hissəsi atəş altında saxlanılıb.
Nəticədə təhlükəsizlik məqsədilə yolda hərəkət dayandırılıb, Noyemberyan rayon polisi yola patrul təyin edilib. Nəqliyyatın hərəkəti alternativ yola doğru istiqamətləndirilib.
N.Saakyan səhər saatlarından etibarən vəziyyətin normallaşdığını və yolda hərəkətin bərpa edildiyini deyib. Onun sözlərinə görə, Azərbaycan ordusunun mövqelərindən erməni yaşayış məntəqələrinə atəş açılmayıb.
Ermənistan Müdafiə Nazirliyi isə bildirir ki, yolda hərəkətin dayandırılması haqda deyilənlər doğru deyil. “Belə ki, Azərbaycan ordusunun mövqelərindən yola doğru cəmi iki atəş açılıb” - deyə Ermənistan Müdafiə Nazirliyi bəyan edib.
Azərbaycan Müdafiə Nazirliyi isə düşmənin iyulun 17-nə keçən gecə təmas xəttinin bir neçə istiqamətində, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin Qazax-Tovuz istiqamətindən keçən hissəsində atəşkəsi pozduğunu, cavab atəşi açıldığını bildirir.