Kubra Məhərrəmova yazır...
Təəssüflər olsun ki, son zamanlar hicab nənələrin qoyub-getdiyi ənənədən çıxaraq "kamuflyaj" rolunu oynamağa başlayıb. Kamuflyaj fransızcadan "camouflage" - maskalanma, gizlənmə mənasını verir.
Müstəqillik dövrünün ilk vaxtlarında bu geyimi (tərzi) adətən İslam dininin qanunlarına əsasən yaşayan qadınların istifadə etdiyini görərdik. İstər-istəməz cəmiyyətdə bu xanımların xüsusi çəkisi, hörməti var idi. Davranışları da elə hicaba uyğun idi.
Təəssüf ki, son zamanlar "kamuflyaj hicab" altında mənşəyi və mənbəyi bilinməyən qadınların sayı xeyli çoxalıb. Onların nə davranışı, hə də həyat tərzi hicab əxlaqına uyğun deyil. Bəzən isə ictimai yerlərdə "at oynadırlar". Aqressiv, ədəbsiz davranışlarını isə "namaz haqqı", "ağzım orucludur, yalan deyə bilmərəm", "başı örtüklüyəm" kimi sözlərlə manipulyasiya edərək özlərinə alibi yaradırlar.
Hər qoyunu öz ayağından asacaqlar deyib keçməklə də iş bitmir. Çünki istər-istəməz ikrah hissi baş qaldırır. "Kamuflyaj hicab"lı qadınların haqqında danışanda isə olursan düşmən. Bu məqamda bir daha qeyd etmək istərdim ki, yazıda söhbət hicabdan yox, hicabın arxasında gizlənərək əxlaqdan uzaq davrananlardan gedir.
Əslində isə bu işi ilk növbədə elə hicabın, əxlaqın müdafiəsində olanlar etməlidirlər. Əyrini-düzü cəmiyyətə anlatmalıdırlar.
Yeniyetmə birinin qarşısına "kamuflyaj hicab"lı qadın çıxanda o İslam dinini də, onun buyurduğunu da elə yanlış anlayacaq.
İndi deyəcəksiniz ki, qoy anlasın. Ən gözəlini Allah bilir.
Sizin dediyiniz kimi olsun.
Lakin "kamuflyaj hicab"lı qadınların törətdiyi cinayəti, əxlaqsızlığı və s. görənlər onlar haqqında bəzi ifadələr səsləndirəndə də deyirlər ki, "bəs dinə qarşı düşmənçilik var".
Çünki artıq məsələ elə yerə gəlib çıxıb ki, cəmiyyətdə birmənalı münasibət yoxdur.
Özünə "həci xanım" deyən, "kamuflyaj hicab" altında neçə-neçə qadının dələduzluq, oğurluq etdiyini vaxtaşırı görürük. İnsanların dini inanclarından sui-istifadə edərək pullarının mənimsəyənlərə, "vergiliyəm" deyib xəstə və ümidi üzülmüş insanları toruna keçirənlərə, manipulyasiya edənlərə kifayət qədər rast gəlirik.
Bu qəbildən düşünən və hərəkət edən biri də bu günlərdə ifşa edildi. Qadın "kamuflyaj hicab"dan istifadə edərək Bakıda qapısıaçıq mənzildən 40 minlik oğurluq edib və polis tərəfindən saxlanılıb.
Lakin "kamuflyaj hicab" əməliyyatı bununla bitmir.
Heç kimə sirr deyil ki, ölkə əhalisinin böyük hissəsi İslam dininə etiqad edir. Heç ibadət etməyəni belə "Məhərrəm" ayında bir ay alkoqoldan istifadə etmir. Yəni dediyim odur ki, içəni də, içməyəni də İslam dininə hörmət edir. Bu hörmətdən isə bəzi qüvvələr geninə-boluna istifadə edir.
Yadınıza gəlirsə, II Qarabağ müharibəsi zamanı, ondan sonra da şəhidlərin dəfni zamanı qaydaları pozan, dini şüarlar səsləndirib səs-küy salan bir dəstə qadın cəmiyyətdə qarşıdurma və nifrət toxumu səpməyə çalışırdı. Təbii ki, axırda elə şəhidlərin yaxınları onları dəfn mərasimlərindən qovdular.
Əlavə olaraq Daxili İşlər Nazirliyi (DİN) məsələni nəzarətə götürdü və hüquq-mühafizə orqanları ictimai qaydanın pozulmasına qarşı tədbirlər həyata keçirdi. Bundan sonra həmin dəstələr yox oldular. Lakin onların yenə də uyğun şəraiti gözlədikləri və əmr verildiyi halda meydana çıxacaqları istisna deyil.
Çünki eyni tablonun başqa variantını da görmüşük.
Xülasə, bir dəstə "qara çarşablı" qadın məscidlərdə, küçələrdə guya dini ayin keçirir, ehsanlar paylayır, insanlarda etibar hissi aşılayır. Daha sonra isə başqa dövlətlərin bayraqlarını qaldırıb dini şüarlar səsləndirirlər. Dini pərdə altında isə əslində Azərbaycana qarşı ideoloji diversiya, təbliğat işləri aparırdılar. Məsələnin altından "Hüseyniyyun" adı ilə tanınan Azərbaycan İslam Müqavimət Hərəkatı çıxdı. Müxtəlif mənbələrdə bu qurumun Tehranın ideoloji və maliyyə dəstəyi ilə hərəkət etməsi ilə bağlı iddialar səsləndirilir.
Bu qəbildən hadisələrə illərdir şahidlik edirik.
Bu qüvvələr Azərbaycanın dünyəvi dövlət modelinə qarşı ideoloji mübarizə aparan, ölkəni İran tipli dini idarəçilik modelinə sürükləməyi hədəfləyən radikal dini-siyasi şəbəkələrdir. Özlərinə gah "Hüseynçi", gah da "Kərimə" dövləti quranlar deyirlər.
Sadəcə ayıq başla dərk etmək lazımdır ki, Azərbaycanda nə "Kərimə dövləti", nə "Hüseynçilər dövləti", nə də belə bir anlayış olacaq. Bu birbaşa dövlətin reallığına və siyasətinə uyğun gəlmir. Bu termin radikal ideoloqların dövlətçiliyi gözdən salmaq, dünyəvi sistemi dini şüarlarla əvəz etmək üçün yaratdığı süni bir konsepsiyadır. İçi boş, çürük və zəhərli beyinlərin məhsulu.
Cinayət törətdikləri halda isə polis tərəfindən aşkarlanıb həbs olunarkən "dini dustaq" kimi qələmə verilmələri də həmin təşkilatların təşviqat kampaniyasının bir hissəsidir.
Azərbaycanda hər kəs istədiyi tanrıya sitayiş edə bilir. İstəyirsən, süpürgənin qarşısında səcdə elə. Buna görə heç kim həbs olunmur.
Dövlətin qanunlarını pozanların bir yol xəritəsi var, sonu isə həbsxana. İstər əynində "kamuflyaj hicab" olsun, istər olmasın.