Diyetik kimi tanınan şəkərsiz qazlı içkilər ürək çatışmazlığı və insult riskini artırır. Buna səbəb sözügedən məhsulda istifadə olunan aşağı kalorili şirin maddə - eritritdir.
Oxu.Az-ın "New York Post"a istinadən verdiyi məlumata görə, bu barədə elm adamları apardıqları araşdırmadan sonra xəbərdarlıq ediblər.
Onların sözlərinə görə, eritrit şəkərdən 70% daha şirindir və qanda trombositlərin aktivliyini artırır, bu isə qan laxtalarının yaranmasına səbəb ola bilər.
"Qan laxtaları damarları tıxayaraq insult və ya ürək tutmasına, bəzi hallarda isə, hətta ölümə səbəb ola bilər", - deyə mütəxəssislərin xəbərdarlığında bildirilir.
Qeyd edək ki, eritrit təbii şəkildə bəzi meyvə və tərəvəzlərdə, o cümlədən qarpız, armud və göbələklərdə var. Bu maddə orqanizmdə insulin ifrazını stimullaşdırmır və qanda şəkərin səviyyəsinə təsir göstərmir. Buna görə də o, diabet xəstələri üçün təhlükəsiz hesab edilir.
Lakin son tədqiqatlar qanda eritritin yüksək miqdarda olmasının çox qısa müddətdə ürək-damar sistemi üçün ciddi risk yaratdığını göstərir.
Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında birinci yerdədir. Azərbaycanda da bu xəstəliklər ölüm hallarının əsas səbəblərindəndir.
Rəylər