"Dünyanın əksər şəhərləri risklərlə və çoxsaylı təhlükələrlə üzləşməyə hazır deyil. Bunlara insan mənşəli fəlakətlər, təbii fəlakətlər, münaqişələrin nəticələri və əlbəttə ki, iqlim dəyişikliyi ilə bağlı qəfil baş verən hadisələr daxildir. Bu hadisələri bəzən düzgün təsnif etmək belə çətindir, çünki onlar çox vaxt təbii və texnoloji fəlakətləri bir arada birləşdirir".
Oxu.Az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) icra katibinin müavini Dmitri Mariyasin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən "Şəhərlərin zəlzələlərə hazırlığının gücləndirilməsi, daha təhlükəsiz və daha davamlı şəhərlər üçün BMT həlləri" adlı konfransda bildirib.
O bildirib ki, dünyada şəhərlər üçün zəlzələlərdən daha dağıdıcı risk yoxdur:
"Zəlzələlər şəhərlərin struktur zəifliklərini üzə çıxarır. Onlar mənzil, infrastruktur və torpaq idarəetmə sistemlərinin harada çökdüyünü göstərir. İdarəetmə mexanizmlərini sınağa çəkir və əlbəttə ki, böyük insan, sosial və iqtisadi itkilərə səbəb olur. Bu itkiləri bərpa etmək çox çətindir. Ümumi prinsip isə budur ki, fəlakətdən sonra yardım göstərməkdənsə, əvvəlcədən dayanıqlılığa investisiya qoymaq daha yaxşıdır. Çünki böhran baş verdikdə artıq çox gec olur.
Bir neçə il əvvəl Türkiyədə baş vermiş dağıdıcı zəlzələ bizə çox vacib və aktual dərslər verdi".