Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Dönər əti emal edən müəssisə barədə qalmaqal: AQTA iddiaları TƏKZİB ETDİ
Martın 5-i Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən "FQ Foodex" MMC-yə məxsus çiy dönər və toyuq əti emalı müəssisəsində yoxlama aparılıb.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılmış yoxlama zamanı dönərxanada mənşəyi məlum olmayan 6159 kq dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kq toyuq filesi, 360 kq toyuğun bud hissələri aşkarlanıb.
Yoxlama zamanı "AL-ASR" əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən edilmişdi.
Yerli mətbuatda dərc olunan xəbərlərdə isə iddia olunub ki, "Al-ASR" əmtəə nişanının sahibləri ölkəyə mal və toyuq ətlərini xaricdən gətirir, sözügedən şirkət də ət məhsullarını Rusiya, xüsusən də Çeçenistan və Dağıstandan ölkəyə idxal edir, onun da AQTA-nın nəzarəti və yoxlamasından keçmədən ölkəyə daxil olması mümkün deyil.
Məsələ ilə bağlı Oxu.Az "FQ Foodex" MMC-nin təsisçisi Emin Mehdi oğlu Yunusov ilə əlaqə saxlayıb.
O bildirib ki, "FQ Foodex" MMC ət məhsullarını yalnız yerli istehsaldan əldə edir:
"Biz xaricdən məhsul gətirmirik. Ancaq yerli istehsal ilə işləyirik. Kəsimxanalarda kəsilən toyuğun hissələri bizə gəlir. Məhsul də gələn gün yoxlama aparıldı. Məhsulun sənədi olmadığına görə mənşəyi bilinmədiyi deyilib. Məhsulda laborator müayinədən keçəndə salmonella aşkarlanıb, obyektimizi, onsuz da, bağlayıblar, məhsullar da oradadır".
Emil Yunusov yenidən fəaliyyət göstərmək üçün AQTA-dan cavab gözlədiklərini qeyd edib:
"Biz son nəticəni gözləyirik. Həmişə məhsul gətirəndə yoxlama olub, normadan kənara çıxmamışıq. İndi isə belə oldu. Biz də belə olmasını istəməzdik. Bir az natəmizlik, bir az çatışmayan tərəflərimiz oldu. Ümid edirik ki, bizə şans veriləcək və çatışmayan tərəflərimizi düzəldəcəyik. Burada qlobal problem yoxdur. Özümüz də çətin vəziyyətdəyik. 1 000-3 000 manat deyil ki, kreditlərimiz var. Bazardan pul yığa bilmirik. AQTA-nın cavabını gözləyirik. Yenə də qərar nə olsa, ona uyğun iş görəcəyik".
Məsələ ilə bağlı AQTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "FQ Foodex" MMC tərəfindən "AL-ASR" əmtəə nişanlı məhsullar da daxil olmaqla ölkəyə bu vaxta kimi hər hansı ət və ət məhsulları idxal edilməyib:
"Müəssisədə çiy dönər ətinin hazırlanmasında istifadə edilən ətlər daxili bazardan alınaraq emal edilir. Bu fakt yoxlama zamanı müəssisənin rəhbəri tərəfindən verilən izahatda da öz təsdiqini tapır. Belə ki, sahibkar həmin ətlərin yerli məhsul olduğunu və müvafiq sahibkarlardan alındığını bildirib. Emal olunan dondurulmuş toyuq ətlərinin sağlamlığını təsdiq edən sənədlər yoxlama zamanı sahibkar tərəfindən təqdim edilməyib".
"Əlbəttə, heç bir əsasa söykənmədən, hər hansı bir mənbəyə istinad etmədən bir xəbər saytının bu cür iddialarla çıxış etməsi media etikasına uyğun olmamaqla yanaşı, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun mediada dərc olunan və yayılan informasiyaya dair tələblərinin də kobud şəkildə pozulmasıdır.
Məlumatın agentliyin işgüzar nüfuzuna məqsədyönlü şəkildə ziyan vurulmasına yönəldiyini və bu xəbər saytı tərəfindən bu tip materialların kampaniya xarakteri daşıdığını, eyni zamanda, təhlükəli qida məhsullarının təbliğ olunmasını nəzərə alaraq, məsələyə hüquqi qiymətin verilməsi üçün aidiyyəti dövlət qurumuna rəsmi qaydada müraciət olunacaq", - deyə cavabda qeyd olunub.
Aygün Mirakif