Yeni elmi araşdırma göstərib ki, insanların potensial dost seçiminə min illər əvvəl formalaşmış təkamül amilləri bu gün də təsir göstərir.
Oxu.Az xəbər verir ki, bu barədə "IFLScience" məlumat yayıb.
Hipotezi yoxlamaq məqsədilə tədqiqatçılar 156 kollec tələbəsini eyni cinsdən olan, tanımadıqları şəxslərlə 30 dəqiqəlik söhbətə cəlb ediblər. Görüşdən sonra iştirakçılar həmin şəxslərlə dost olmaq istəyib-istəmədiklərini qiymətləndirib, eyni zamanda onların əməkdaşlığa meyli, fiziki üstünlüyü, cəlbediciliyi və sosial statusu kimi xüsusiyyətlərini təhlil ediblər.
Araşdırmanın nəticələrinə görə, iştirakçılar daha çox əməkdaşlığa meylli, özünəinamlı, cəlbedici və cəmiyyətdə hörmət qazanan insanlarla dostluq qurmağa üstünlük veriblər. Alimlər hesab edirlər ki, bu xüsusiyyətlər Daş dövründə etibarlı müttəfiqlərin seçilməsi və qrupların sağ qalması baxımından mühüm əhəmiyyət daşıyıb.
Tədqiqat zamanı kişilər və qadınlar arasında müəyyən fərqlər də müşahidə olunub. Belə ki, kişilər görüşdən sonra daha çox əlaqə məlumatı mübadiləsi aparıblar. Tədqiqatçılar bunu qədim dövrlərdə ov və qrupların müdafiəsi zamanı kişilər arasında əməkdaşlığın daha vacib olması ilə əlaqələndiriblər.
Araşdırmanın ikinci mərhələsində isə 444 nəfər iştirak edib. Onlar əvvəlcə həyatda əsas məqsədlərini müəyyənləşdirib, daha sonra eyni cinsdən olan tanımadıqları insanların fotolarını potensial dost kimi qiymətləndiriblər.
Nəticələr göstərib ki, iştirakçılar şəxsi məqsədlərindən asılı olmayaraq, qədim ovçu-yığıcı cəmiyyətlərdə uğur qazanmağa kömək edə biləcək xüsusiyyətlərə malik görünən insanlara üstünlük veriblər.
Alimlərin fikrincə, bu araşdırma insan təkamülünün gündəlik davranışlarımıza və sosial seçimlərimizə bu gün də təsir göstərdiyini ortaya qoyan nümunələrdən biridir.