İş rejimi temperatur yalnız 41 dərəcəyə çatanda açıq havadakı iş yerlərində, süni yolla soyudulması mümkün olmayan yerlərdə dayandırıla bilər.
Bunu Oxu.Az-a 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏM) Baş müfəttişi Ələsgər Mehdiyev bildirib.
Dövlət Əmək Müfəttişliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 2-ci əlavədə ilin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü binalarda, habelə isti havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri göstərilib:
“41 dərəcə isti olduğu halda açıq havada və sərinlədici qurğular olmayan qapalı yerlərdə iş dayandırılmalıdır. İlin soyuq vaxtında isə örtülü, lakin isidilməyən binalarda temperatur selsi ilə müsbət 14 dərəcədən aşağı olduqda, işçilərə fasilələr verilir və ya iş dayandırılır”.
Ə.Mehdiyevin sözlərinə görə, işlərin dayandırılması və isinmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə Həmkarlar İttifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir.
DƏM əməkdaşı öz növbəsində qeyd edib ki, vətəndaşlar 41 dərəcə isti olduğu halda açıq havada əməyə cəlb olunurlarsa, onlar ərazidə olan müfəttişliyə müraciət etməlidirlər.
Elvin Əhmədov
www.oxu.az