Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dövlət Komitəsi Suraxanıda uşaq evində azyaşlının döyülməsi faktını nəzarətə götürdü
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Suraxanı rayonunda yerləşən 2 nömrəli uşaq evində uşaqlardan birinin müəllim tərəfindən döyülməsi hadisəsini nəzarətə götürüb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı yanvarın 18-də Dövlət Komitəsinin Uşaq şöbəsinin müdiri və psixoloqu həmin müəssisəyə yollanıblar: “Bu gün həmin müəssisədə monitorinq keçirilib. Dövlət Komitəsinin əməkdaşları orada uşaqların saxlanılması şəraiti ilə tanış olublar. Uşaq hüquqlarının müdafiəsi çərçivəsində uşaqlara qarşı ehtiyaclarının təmin edilməsi istiqamətində meyarların qiymətləndirilməsi aparılıb. Uşağın sağlamlığı ilə bağlı müayinələr aparılıb və ona psixoloji yardım göstərilib. Hazırda məsələ nəzarət altındadır. Həmin müəssisənin rəhbərliyi ilə birlikdə əməkdaşlıq çərçivəsində araşdırmalar davam etdiriləcək”.
Qeyd edək ki, Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı məlumat və videogörüntülər yayılıb.
Məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin yaydığı məlumatda bildirilib ki, hadisə ötən ilin dekabr ayında baş verib. Qeyd olunub ki, məsələni araşdıran komissiyanın qərarına əsasən dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunub.