Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Dövlət qurumları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirib
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində şəhid övladı olan uşaqlar üçün "açıq qapı günü" keçirilib.
Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və Şimal Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Etibar İsmayılov və Şimal Regional Mərkəzinin rəisi polkovnik Fuad İlyasov, Xaçmaz, Quba və Qusar Rayon İcra hakimiyyətlərinin, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının, o cümlədən hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Bayrağı meydana gətirilib, Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında şanlı Ordumuz tərəfindən cəmi 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu, 30 ilə yaxın müddətdə düşmən işğalında olan dədə-baba torpaqlarımızın azad olunduğunu fəxarət hissi ilə qeyd ediblər. Torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş müqəddəs şəhidlərimizin tarixi qəhrəmanlıqları heç zaman unudulmayacaq.
"Açıq qapı günü"ndə uşaqlara Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri və Xaçmaz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası, avadanlıqları təqdim olunub, uşaqların sualları cavablandırılıb. Xilasedicilərin nümunəvi təlimi isə uşaqlarda böyük marağa səbəb olub.
Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi uşaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və uşaqların fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər, yarış və müsabiqələr keçirir, maarifləndirici sosial videoçarxlar hazırlayaraq KİV vasitəsilə yayır.
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə iyunun 1-də nazirliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) həkim briqadası tərəfindən Füzuli şəhəri, Zəngilan rayonunun Ağalı kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində uşaqlar üçün tibbi müayinələr təşkil edilib.
Oxu.Az xəbər verir ki, işğaldan azad olunan ərazilərə "Böyük Qayıdış" Proqramı çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq təşkil olunan tədbirlər zamanı əhali arasında tibbi xidmətə əlçatanlığın təmin olunması və ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi məqsədilə kompleks tibbi müayinələr və sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar keçirilir.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan aksiya çərçivəsində ETPİ-nin pediatrları, uşaq cərrahı, kardioloq, nevroloq və oftalmoloq tərəfindən uşaqlara yerində profilaktik baxışlar keçirilib və müvafiq müalicələr təyin edilib.
Tədbir zamanı 350-ə yaxın, o cümlədən Zəngilanda 200-ə yaxın, Cəbrayılda 100-ə yaxın və Füzulidə 50 uşaq həkimlər tərəfindən ümumi müayinədən keçiblər. Bundan əlavə, xəstəliklər aşkarlanan uşaqların sonrakı mərhələdə müalicəsi üçün göndərişlər verilib.
Müayinələrdən sonra peyvəndləmənin əhəmiyyəti və ana südündən əlavə qidalanmanın qaydaları haqqında Zəngilan və Cəbrayıl ictimaiyyəti üçün maarifləndirici tədbir təşkil olunub. ETPİ-nin həkim pediatrları Gülnaz Ağayeva və Günay Salehova ətraflı təqdimatlarla çıxış ediblər. Həkim-pediatrlar valideynlərə tövsiyələrini veriblər, onları maraqlandıran sualları cavablandırıblar.
Tədbirin sonunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrinin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün bayram tədbiri təşkil edib. Tədbir Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən Mərkəzi Çağırış Məntəqəsi Kompleksində baş tutub. Dövlət Xidmətinin rəhbərliyinin iştirakı ilə keçirilən tədbirin əvvəlində şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.
Oxu.Az xəbər verir ki, açılış mərasimində çıxış edən Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov şəhidlərin qəhrəmanlığından, şücaətindən və qanları bahasına qazanılan qələbədən danışıb: "Sizin valideynləriniz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə silaha sarılıb Vətən torpaqlarının müdafiəsində iştirak edib. Müharibənin çox qəddar qanunları var. Azadlıq, suverenlik və qələbə olduğu kimi təəssüf ki, Vətən uğrunda şəhid olanlar da olur. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Məhz Sizin valideynlərinizin şücaəti nəticəsində bu gün Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub."
Rəsmi hissə bitdikdən sonra "Şahinlər" hərbi-idman oyunlarında Sabunçu rayonu 67 saylı tam orta məktəbi təmsil edən "Kəşfiyyatçılar" komandası uşaqlara müxtəlif hərbi tapşırıqların icrasını nümayiş etdirib: silahın sökülüb-yığılması, darağın patronla doldurulub-boşaldılması, səhra çadırının qurulması, yaralının zəhərli ərazidən çıxarılması, ilk tibbi yardımın göstərilməsi və s.
Sonra isə uşaqlar komandalara bölünərək, özləri də bir neçə idman-estafet oyunlarında iştirak ediblər. Oyunlar bitdikdən sonra şəhid övladlarına Dövlət Xidməti tərəfindən hədiyyələr və fəxri fərmanlar, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hədiyyələr təqdim edilib.
Tədbirin sonunda uşaqlar "Mənim atam qəhrəmandır" mahnısını oxuyublar və Dövlət Xidmətinin əməkdaşları ilə birgə zabit yeməkxanasında birgə nahar ediblər. Doğum günləri həmin günə təsadüf edən uşaqlarla birgə tortlar kəsilib.
Qeyd edək ki, şəhid övladlarının iştirak etdiyi bayram tədbiri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, "Mənim atam qəhrəmandır" layihəsinin rəhbəri Cəlal Qurbanovun və Sabunçu rayonu 67 saylı tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri, Vətən müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqovun dəstəyi ilə keçirilib.