Dövlət universitetləri özəl ali məktəblərdən fərqli olaraq, təhsil haqlarını növbəti tədris ili üçün artırıb. Bakı Dövlət Universiteti, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti təhsil haqlarını artıran universitetlər sırasındadırlar.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Bakı Dövlət Universitetinin rektor köməkçisi Məzahir Sultanovun sözlərinə görə, universitetin hər il sifariş etdiyi qəbul planı tamamilə dolur.
Buna görə də, yeni tədris ilində təhsil haqlarının endirilməsindən söhbət gedə bilməz. Əksinə bəzi ixtisaslarda təhsil haqları artırılıb. Universitetdə ümumilikdə ixtisasdan asılı olaraq bu il təhsil haqları 1600-2200 manat arasında dəyişir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bəzi ixtisaslarında da növbəti tədris ili üçün təhsil haqları artırılıb. Bu universitetdə isə təhsil haqları ixtisasdan asılı olaraq 1300-1800 manat arasında dəyişir.
Azərbaycan Dövlət Pedaqoji Universiteti və İqtisad və Dillər Universitetində isə təhsil haqları ötən ildə olduğu kimi qalıb.
S.B.
www.oxu.az