Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
DYP-dən avtobuslardan istifadə edən sərnişinlərə XƏBƏRDARLIQ
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şəhərdaxili ictimai nəqliyyat vasitələrindən istifadə edən hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə Oxu.Az-a BDYPİ-dən məlumat verilib.
Məlumatda qeyd olunub ki, son vaxtlar Bakıda fəaliyyət göstərən şəhərdaxili avtobus marşrutlarında bəzi sürücü və sərnişinlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməmələri, eləcə də avtobuslarda həddən artıq sərnişin sıxlığının yaşanması müşahidə edilir:
“Sərnişinlərin məsafə gözləmədən bir-birləri ilə yaxın təmasda olmaları, onların koronavirus (COVID-19) infeksiyasına kütləvi şəkildə yoluxma riskini artırır və son bir neçə gündə ölkə ərazisində yoluxma sayının yüksəlmə səbəblərinin daha çox məhz bu faktorla əlaqəli olması ehtimal edilir.
Qeyd olunan halların qarşısının alınması üçün BDYPİ bir daha hərəkət iştirakçılarından, xüsusilə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərdən özlərinin və yaxınlarının sağlamlığının qorunması naminə, habelə bu tələblərin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilməmələri, eləcə də xüsusi karantin rejiminin yenidən sərtləşdirilməməsi üçün mütləq qaydada tibbi maskalardan istifadə etmələrini xahiş edir.
Bununla yanaşı avtobuslarda mümkün qədər daha çox sosial məsafənin saxlanılmasının vacibliyini nəzərə alaraq, onları sərnişinlərin sayı nisbətən artıq olan ictimai nəqliyyat vasitələrinə minməkdən çəkinmələri tövsiyə olunur”.
Könül Cəfərli
Rəylər