Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Efirdə ancaq fahişəliyə məcbur edilən qadınlar göstərilir - AÇIQLAMA
Məişət zorakılığı haqqında qanunu işlətmək hələ də çətindir.
Oxu.Az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Avropa Şurasının və Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Gender bərabərliyi və media azadlığı” mövzusunda təşkil olunan təlimdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan qəbul etdiyi qanunlarla idarə olunur:
“Gender bərabərliyi və Məişət zorakılığı haqqında qanunlar elə incə sənədlərdir ki, insana aid olsa da, insan onu dərk etmirsə, qanunları işlətmək çətin olur. 2010-cü ildə qəbul olunan qanunun hələ də işlənməsi üçün mexanizm axtarılır.
Məişət zorakılığı təkcə qadınlara aid deyil, cəmiyyətin müxtəlif zəif təbəqələrinə aid olan məsələdir. Bu istiqamətdə bir informasiyanı verən zaman düşünmək lazımdır. Bir qadın zorakılığa məruz qalırsa, efirdə onun üzünü göstərirlər. Amma onun aldığı psixoloji zərbəni kimsə düşünmür”.
Sədaqət Qəhrəmanova qeyd edib ki, insan alveri ilə bağlı müəyyən reydlər keçirilir və efirdə ancaq fahişəliyə məcbur edilən qadınlar göstərilir:
“Düşünmürlər ki, bunu efirə verilən zaman qardaşı, ailəsi görər və cinayət baş verə bilər. Niyə ancaq qadınları göstərirlər? Qadınları bu vəziyyətə salan kişilər niyə göstərilmir? Bəlkə, onlar barədə araşdırma aparılmalıdır ki, bu insanlar qadınları bu vəziyyətə niyə salırlar? Onların addımları nəticəsində qadınlar insan alverinin qurbanı olurlar. Bunlarla bağlı araşdırma aparılmalıdır. Bu məsələ ilə bağlı yeni təkliflər barədə addımlar atılacaq”.
İlhamə Əbülfət
Rəylər