Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Əks yola çıxaraq təhlükəli vəziyyət yaradan avtobus sürücüsü CƏZALANDIRILDI
Bakıda 133 saylı marşrut xəttində işləyən avtobusun sürücüsü əks yola çıxaraq təhlükəli manevrlər edib, sərnişinlər və digər yol iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradıb.
Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Rüstəm Əhmədli Bizim.Media-ya bildirib ki, baş verən qayda pozuntusuna görə artıq müvafiq tədbir görülüb:
"26 avqust 2024-cü il tarixdə "Karsan Atak" markalı 99-JZ-259 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Asəf Məzahir oğlu Mehdiyev Bakı şəhəri Binəqədi rayonu Binəqədi şosesində "Yol hərəkəti haqqında" Qanunun 69-cu maddəsinin tələbini pozaraq əks yolda hərəkət edən nəqliyyat vasitələrinin qarşısına çıxıb. Bu qayda pozuntusuna görə sürücü Asəf Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 327.4 maddəsinin tələbinə uyğun olaraq 150 manat cərimə və 4 balla cəzalandırılıb".
Məsələ ilə bağlı avtobusun mənsub olduğu "Çinar-Trans" şirkətindən bildirilib ki, hadisə avqustun 26-da axşam saatlarında baş verib:
"Şəhər istiqamətində hərəkət edərkən sürücü özünü pis hiss edib. Yolda tıxac olduğu üçün sürücü mənzil başına tez çatmaq üçün əks yola çıxıb. Xoşbəxtlikdən heç bir qəza baş verməyib. Bununla belə tərəfimizdən sürücü cəzalandırılıb. Ona töhmət verilib və 150 manat cərimələnib".
Rəylər