Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ekspert: Diqqəti uşaq cinayətləri üzərində cəmləmək lazımdır
Azərbaycanda cinayət məsuliyyətinin yaş həddinin 14-dən 12-i yaşa endirilməsinə ehtiyac yoxdur. Həm də yeniyetmələr arasında həbs olunanların sayı o qədər də çox deyil. Bizdə məsələn, Rusiyada olduğu kimi yeniyetmələrin qruplarda birləşərək qətl və qarətlər törətməsi kimi yeniyetmə cinayətkarlığı yoxdur. Olan isə kimsəsizlik və sahibsizlikdir.
Bu gün dövlət uşaq problemlərinə diqqətini zəiflədib. Sosial məsələlər həll edilir, ünvanlı sosial yardım, imtiyazların artırılması və s. uşaqların asudə vaxtı ilə az adam məşğul olur. Kimsə mənimlə mübahisə edib müxtəlif proqramları misal gətirə bilər, amma evimdən çıxıb 15 dəqiqəlik məsafə getdikdən sonra ən azı iki və ya üç azyaşlı dilənçi ilə rastlaşıram. Bu gün o dilənir, sabah isə əlinə bıçaq götürüb kimisə soya və ya öldürə bilər.
Oxu.Az “Exo” qəzetinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Hüquq mühafizə mərkəzinin (HMM) direktoru Eldar Zeynalov Rusiyada cinayət məsuliyyətinin yaş həddinin 14-dən 12-i yaşa endirilməsi məsələsinin müzakirə ediləcəyini şərh edərkən bəyan edib.
E.Zeynalov xatırladıb ki, SSRİ dövründə hakimiyyət bir dəfə cinayət məsuliyyətinin yaş həddinin 14-dən 12-i yaşa endirib.
“Bu, 1932-ci ildə aclıq illərində, buğda tarlasından bir neçə sünbülün oğurlanmasına görə azadlıqdan məhrum edilən zamanlarda qərara alınmışdı. Böyüklər sünbül oğurluğuna uşaqları göndərirdilər, ona görə də cinayət məsuliyyətinin yaş həddi 14-dən 12-i yaşa endirildi. Yəqin ki, Rusiyada indi dəhşətli hadisələr baş verir, ona görə də Stalin normalarına əl atırlar. Bizdə isə buna ehtiyac yoxdur”, - hüquq mühafizəçisi qeyd edib.
HMM rəhbərinin sözlərinə görə, yeniyetməni azadlıqdan məhrum etmək – bu, onun bütün gələcək həyatını məhv etmək deməkdir. Həbsxana az adamı düz yola çəkib. Bu sadəcə cəmiyyət üçün təhlükəli olan vətəndaşı insanlardan uzaq tutmaq üsuludur.
“Hesab edirəm ki, cinayət məsuliyyətinin yaş həddinin endirilməsi yolverilməzdir. Diqqəti cəzaya deyil, uşaq cinayətkarlığına qarşı profilaktikada cəmləmək lazımdır”, - E.Zeynalov vurğulayıb.