“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində kompleks tədbirləri davam etdirir.
Oxu.Az xəbər verir ki, “Azərsu” ASC-dən verilən məlumata görə, dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin böyük hissəsi yekunlaşıb.
“İcrasına 2011-ci ilin oktyabrında başlanmış “Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi” 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Layihəyə əsasən, Mingəçevir şəhərinə içməli suyun özüaxımlı rejimdə verilməsi üçün hər birinin tutumu 10 min kubmetr olan 3 ədəd su anbarı tikiləcək. Şəhərin su və kanalizasiya şəbəkələri tamamilə yenidən qurulur.
Ümumi uzunluğu 275 km olan şəhərdaxili su şəbəkəsinin 180 km-lik hissəsində işlər başa çatmış 7100 ünvana birləşmələr verilib. Bununla paralel olaraq, 232 km kanalizasiya şəbəkəsinin isə 70 km-lik hissəsində işlər yekunlaşıb. Gələcəkdə suları şəhərin kənarında tikiləcək və məhsuldarlığı sutkada 60 min kubmetr layihələndirilən çirkab sutəmizləyici qurğuda təmizlənərək zərərsizləşdiriləcək.
İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədi ilə smart-kart tipli sayğacların quraşdırılması da davam etdirilir və indiyə qədər 30 211 abunəçinin 3500-i sayğacla təmin olunub”, - məlumatda deyilir.
Gülnarə Zeynalova
www.oxu.az