Cəlilabad rayonunda güclü qar elektrik təsərrüfatında ciddi fəsadlar yaradıb.
“Report”un məlumatına görə, ötən gün axşam saatlarından başlayaraq yağan güclü qarın yollarda yarada biləcəyi çətinlikləri aradan qaldırmaq və hərəkəti təmin etmək məqsədilə təmizlənmə tədbirləri görülüb.
Rayon Fövqəladə Hallar Komissiyasının rəhbərliyi ilə aidiyyəti idarə, müəssisə və təşkilatların texnikaları və canlı qüvvələri bu işlərə cəlb olunaraq, mərkəzi magistrallarda, kəndlərarası yollarda, şəhərin küçələrində və piyada səkilərində qarın təmizlənməsini davam etdirilir.
Bəzi ərazilərdə elektrik və rabitə xətlərində baş verən qəzaların fəsadlarının tez bir zamanda aradan qaldırılması üçün Bakı şəhərindən rayona texnika və canlı qüvvələr cəlb olunub. Hazırda müvafiq qurumlar tərəfindən işlər aparılır.
13:08
Güclü qar yağması ilə Cəlilabad rayonunda nəqliyyatın hərəkətində və elektrik təchizatında problemlər yaranıb.
“Report”un Muğan bürosunun məlumatına görə, Cəlilabadın dağlıq kəndlərində qar örtüyünün hündürlüyü 50 sm-ə çatıb. Avtomobil yollarında nəqliyyatın hərəkəti çətinləşib.
Elektrik xətləri qırıldığından Cəlilabad şəhərinin bəzi hissələrinə və bir neçə kəndə elektrik enerjisinin verilişi kəsilib.
Analoji hava şəraiti Biləsuvar rayonunda da müşahidə olunur. Belə ki, kənd yollarında nəqliyyatın hərəkəti çətinləşib. Biləsuvarın mərkəzi hissəsində və bəzi kəndlərdə elektrik enerjisinin verilişi dayanıb. Eyni zamanda, güclü qar və külək rabitə dirəklərini aşırıb və xətləri qırıb. Bir neçə yerdə qarın ağırlığına dözməyən ağac aşıb. Rayon ərazisində qarın hündürlüyü 20 sm-ə çatır.
Hazırda hər iki rayonda müvafiq orqanlar tərəfindən yollar qar örtüyündən təmizlənir. Həmçinin, elektrik enerjisinin bərpası üçün qəza briqadaları işlər aparırlar.
“Report”un Şimal-qərb bürosu isə xəbər verir ki, güclü qar səbəbindən Qax rayonunun Sarıbaş kəndi ilə əlaqə kəsilib. Hazırda yolun açılması istiqamətində tədbirlər görülür.
Sakinlərin sözlərinə görə, Sarıbaş kəndində yağan qar örtüyünün qalınlığı 40-50 sm-ə çatır.
Qeyd edək ki, Sarıbaş kəndi Qax rayonunun ən ucqar dağ kəndidir.
Həmin görüntüləri təqdim edirik:
Elektrikin bərpası üçün Bakıdan Cəlilabada texnika və canlı qüvvələr cəlb olunub - YENİLƏNİB + FOTO/VİDEO
Rəylər