Hüquq-mühafizə orqanları Rauf Mirqədirovu saxlayıbsa, deməli, buna əsasları var.
Oxu.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, indiki dövrdə jurnalisti əsassız saxlamaq mümkün deyil:
“Rauf Mirqədirovun məsələsi ilə əlaqədar araşdırma gedir. Hazırda demək də olmaz ki, onun günahları artıq sübut olunub. Bu, məhkəmənin səlahiyyətlərinə aid məsələdir. Məhkəməyə qədər heç kim kiməsə cinayətkar deyə bilməz.
Bununla yanaşı, Rauf Mirqədirovun ittiham olunduğu maddə var və məsələ ilə bağlı Baş Prokurorluq açıqlama verib. Araşdırmanın nəticəsini gözləmək lazımdır”.
Şöbə müdiri qeyd edib ki, Azərbaycan məhkəmələrinin, prokurorluq orqanlarının bu və ya digər məsələyə münasibəti, hökmü kimlərisə qane etmirsə, sonrakı mərhələdə İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edə bilərlər.
Xatırladaq ki, R.Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edilib və Bakıda saxlanılıb.
Baş Prokurorluğun yaydığı rəsmi açıqlamaya əsasən R.Mirqədirov Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə ittiham olunur.