Son iki ay ərzində artıq 800 nəfərə yaxın əlilliyi olan şəxs dövlət hesabına istirahət mərkəzlərinə yola salınıb.
Oxu.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, ƏƏSMN tərəfindən daha 50 nəfər əlilliyi olan şəxs Şəki rayonunda yerləşən istirahət mərkəzinə yola salınıb.
“ƏƏSMN-nin müvafiq əmri ilə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, cari ilin yaz-yay mövsümündə ümumilikdə 1062 nəfər əlilliyi olan şəxsin ölkəmizin bölgələrindəki istirahət-sağlamlıq mərkəzlərində istirahətinin təşkili nəzərdə tutulub. Son iki ay ərzində onlardan artıq 800 nəfərə yaxını həmin mərkəzlərə yola salınıb”, - məlumatda deyilib.
Qeyd edək ki, istirahət guşələrində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində musiqili-əyləncəli tədbirlər, idman yarışları və viktorinalar, göldə üzgüçülük, balıq ovu, ətraf rayonlara gəzinti turları, tibbi və fizioterapevtik prosedurlar təşkil olunur.
Gülnarə Zeynalova
www.oxu.az