Oktyabrın 1-dən Tibbi Sosial Ekspert Komissiyaları tamamilə avtomatlaşdırılmış rejimdə fəaliyyət göstərəcək.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib:
“Bunun proqram təminatı hazırdır. Qısa müddətdə çalışacağıq ki, maddi-texniki baza tam buna uyğunlaşsın. Bundan sonra sistem həmin şəxsə əlillik qrupunun verilib-verilməməsi barədə qərar qəbul edəcək. Əgər müsbət qərar qəbul edilsə, əlillik qrupunun artıq bir və ya üç olduğunu da göstərəcək, eyni zamanda həmin şəxsin hər hansı reabilitasiya vasitəsinə ehtiyacı varsa, onu da göstərəcək”.
Kağız daşıyıcılarında arayışların verilməsi də oktyabrın 1-ə kimi tamamilə ləğv ediləcək:
“Biz bir ay vaxt vermişik ki, həm avtomatlaşdırılmış, həm də kağız daşıyıcılarında arayışların verilməsi prosesi getsin”.
Nazir bildirib ki, tibbi təhsili, əlilliyi olan insanlar TSEK-lərdə çalışa bilər. Amma hələ ki, belə bir müraciət olmayıb.
Qeyd edək ki, ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyalarının müasir tələblərə uyğun iş şəraiti ilə təmin olunmasına başlanılıb. Bu istiqamətdə ilk olaraq, ƏƏSMN-nin (Bakının Binəqədi rayonu üzrə) 6 saylı TSEK-i əsaslı təmir olunaraq lazımi avadanlıqlarla təchiz edilib.