Azərbaycanda bu vaxta kimi əlillərə tibbi arayış verilirdi və o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə kağız formasında təqdim edilirdi. Yeni sistem yaranandan sonra bu iş elektron formada həyata keçiriləcək və əlillərin tibbi arayışı birbaşa nazirliyə göndəriləcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə APA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, bu istiqamətdə hazırda işlər bitir və əlillərə tibbi arayışın verilməsi üçün informasiya sistemi, proqram təminatı bazası bitmək üzrədir:
“Artıq yeni sistemin testləri aparılır. Yaxın vaxtlarda onun tətbiqinə başlanacaq və tibbi arayışlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron formada göndəriləcək. Bir çox məsələlərin həlli üçün elektron arayışların verilməsi daha məqsədəuyğundur. Məlumatlar elektron bazada toplandığı halda onun şəffaflığını qorumaq və nəzarəti gücləndirmək daha rahat olur. Vətəndaş istənilən vaxt bazadan arayışın sürətini ala bilər. Tibbi arayış nazirliyə göndərildikdən sonra onun doğruluğunu yoxlayıb təsdiq etmək rahat olacaq”.
C.Əsədzadə qeyd edib ki, artıq bir sıra arayışların elektron formada verilməsi tətbiq edilib.
Onun sözlərinə görə, yanvarın 1-dən ölkədə sürücülük vəsiqəsinin alınması üçün tibbi arayışların verilməsi elektronlaşdırılıb:
“Bundan əlavə, şəxsiyyət vəsiqələrinin verilməsi üçün tibbi arayışın verilməsi elektron formada tətbiq edilir. Artıq bunlar yeni formada və elektron şəkildə verilən arayışlardır”.