Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Elşad Miridən onu Səudiyyə Ərəbistanı ilə əlaqələndirənlərə kəskin cavab
Bu gün “Azadlıq” qəzetində ilahiyyatçı Elşad Miri tərəfindən “ALLAH.az” saytının açılması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin qazilərindən biri və Bakı Kəndlər Birliyinin sədri də cavab veriblər.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nardaran ağsaqqalı Natiq Kərimov bildirib ki, E.Mirinin ideyaları əksər hallarda Azərbaycan gerçəkliyinə, Azərbaycanın tapındığı İslam inancına zidd olur. E.Mirinin Allah adı ilə sayt açmasının əleyhinədir:
“Azərbaycan əhalisinin 80 faizi şiə inanclıdır. Amma Elşad Mirinin ideyaları, səsləndirdiyi fıkirlər daha çox Səudiyyə Ərəbistanından gəlmə düşüncələrə oxşayır. Elşad Miri milyonlarla azərbaycanlının tapındığı Aşuranı başqa cür qələmə verməyə çalışır. Bizim alimlər istənilən məsələdə Elşad Miri ilə polemikaya hazırdır”.
E.Miri haqqında səslənən ittihamlara cavab verib.
O, bildirib ki, Azərbaycanın tapındığı İslam dinini deyil, Allahın göndərdiyi dini yaşamağa çalışır:
“Bunu da Onun göndərdiyi Kitabına və Elçisinin səhih Sünnəsinə uyğun həyata keçirirəm. Azərbaycanın tapındığı İslam dini ildə bir dəfə Aşuraya gedib nəzir-niyaz paylamaqdırsa, haranısa pir halına gətirib ordakıların vasitəsilə Yaradandan nə isə istəməkdirsə, bir ölü üçün xərclənəni (yas məclislərindən çadırlara, mərmərdən olan baş və sinə daşlarından ehsanlara kimi olanları) Allah üçün xərcləməməkdirsə, Allahın dirilər üçün göndərdiyi Kitabını ölülər üçün oxuyub pul qazanmaqdırsa, əxlaqsızlığa siğə adı altında don geyindirməkdirsə, bəli, ağsaqqal düz buyurur, bu mənim tapındığım din deyil.
İkincisi “Allah.az” adlı domeinin şiəliyə və ya sünniliyə nə aidiyyatı olduğunu anlaya bilmədim. Mən özümü Allahın əmrinə uyğun olaraq müsəlman adlandırır və hansısa məzhəbə özümü aid etmirəm. Allahımız da Quranda bizdən firqələşməməyi buyurursa, bu fərqli fikirdə olanların öz işidir... Kiminsə neçə faiz olmasının da bura nə aidiyyatı olduğunu başa düşmürəm.
Üçüncüsü səsləndirdiyim fikirlərin Səudiyyə ilə nə əlaqələndirilməyini isə heç anlamıram. Yoxsa mən ordakı krallığı tərifləyirəm və ya onların etdiklərinə haqq qazandırıram, yaxud onlar ALLAH.az-ın açılmasının tərəfdarı olduqlarını demişəm...
Allahıma şükürlər olsun ki, mən bu cür fikirlər səsləndirənlər kimi, İslamı hansısa ölkə ilə heç vaxt əlaqələndirmirəm və heç bir ölkəni də İslamın bayraqdarı olaraq qəbul etmirəm... Amma səsləndirdiyim fikirlərin Ərəbistan Yarımadasından bizə gələn Quranla və Allahın sonuncu Elçisi ilə əlaqəlindirilirsə, buna ancaq təşəkkür edirəm...
Dördüncüsü mən milyonlarla azərbaycanlının tapındığı Aşuranı başqa cür deyil, Muhəmməd peyğəmbərin göstərişinə uyğun olaraq oruc tutmağa səsləyirəm. Allahın özünüzə zülm verməyin əmrinə uyğun olaraq (“Tövbə” surəsi, 9/36) əzadarlıq adı altında riyaya yol verməməyə çağırıram... Aşuraya isə tapınmırlar, Allaha tapınırlar”.
Elşad Miri sonda bildirib ki, “əgər bu mövzuda “alimlər”iniz polemikaya hazırdırlarsa, onda gərək bir az da öyrənsinlər ki, qarşıma çıxa bilsinlər”.