Bakı metrosu ilə avqust ayında sərnişin daşınması gündəlik ortalama 461 min olduğu halda sentyabrın 11 günündə 513 min nəfər olub.
“Report” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmətinin rəisi Elxan Məmmədov deyib.
O bildirib ki, bu, təxminən 52 min nəfər artım deməkdir:
“Sentyabrın 15-dən sonra isə bu rəqəmin 750 minə yaxın olacağı gözlənilir”.
Qeyd edək ki, yeni tədris ilinin başlanması və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sentyabrın 15-dən Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək. Metropolitendə iş günlərində hərəkətin gur vaxtı səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər müəyyənləşdirilib. Həmin müddətdə “Həzi Aslanov-28 May” istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval 2 dəqiqə müəyyənləşdirilib. “Həzi Aslanov-28 May” sahəsində istirahət günləri fərqli hərəkət qrafiki tətbiq ediləcək. Qatarlar arasında şənbə günləri saat 7:00-dan saat 21:00-a qədər 2,5 dəqiqəlik, bazar günləri isə eyni saatlarda 3 dəqiqəlik interval tətbiq ediləcək.
Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə xətlərin birləşdiyi “28 May” stansiyasından “Dərnəgül” (“yaşıl xətt”) və “İçərişəhər” ("qırmızı xətt”) istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq.