"Biz sertifikasiya imtahanının suallarını heç vaxt gizlətmirik. Ötən il də suallar ictimaiyyətə açıqlanıb".
Oxu.Az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, sualların dərin statistik əmsalları var, lakin bunu ictimaiyyət başa düşmür:
"Bu əmsalları başa düşmək üçün mütəxəssis olmaq lazımdır. Lap dərinə getsək, test imtahanları mədəniyyətimizdə statistik ölçmələrə keçməliyik.
Bizim imtahanlarımız müəyyən mənada sadədir. Yəni testin 30-50 sualından neçəsinin düz yazılması prinsipi əsas götürülür. Tam nəzəriyyəyə baxsaq, belə olmamalıdır. Çox adam nəzəriyyəni bilmir, ancaq məsələni problemli kimi qələmə verir.
Həm Təhsil İnstitutunun, həm də Elm və Təhsil Nazirliyinin kifayət qədər texniki mütəxəssisi var. Ötənilki testlə builki test arasında nə qədər fərq olduğunu da məhz onlar araşdırmalıdırlar. Əhəmiyyətli fərq olmayıbsa, heç bir qərar dəyişməyəcək".
Qeyd edək ki, bir qrup müəllim sertifikatlaşdırma imtahanlarının suallarının ictimaiyyətə açıqlanmaması barədə sosial şəbəkədə paylaşımlar edib.
Aygün Mirakif