Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Əmircan sakinlərindən ŞİKAYƏT: "Deyirlər, kanalizasiya çəkməyə pulumuz yoxdur"
Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səbuhi Əsədov küçəsinin sakinləri ərazidə mərkəzləşmiş kanalizasiya şəbəkəsinin olmamasından gileylənirlər. Onlar qeyd edirlər ki, yağışlar gölməçələr yaradır, bəzi hallarda su evlərə dolur, yaşayış keyfiyyəti aşağı düşüb.
Sakinlərin sözlərinə görə, dəfələrlə Suraxanı rayon Sukanal İdarəsinə, Suraxanı İcra Hakimiyyətinə müraciət etsələr də, müsbət cavab almayıblar. Qurumun əməkdaşları əraziyə bir dəfə baxış keçiriblər, daha sonra "yoxa çıxıblar". Vətəndaşlara tövsiyə edilib ki, yeraltı şambolar qazsınlar ki, həm tullantı, həm də qrunt suları o quyulara axıdılsın, çünki hazırda kanalizasiya çəkməyə pul yoxdur. Lakin vətəndaşlar bunu bacarmadıqlarını, şamboların subasma prosesinin dinamikasının yüksəlməsinə zəmin yaratdığını qeyd edirlər. Onlar ərazidə antisanitar vəziyyətin hökm sürdüyünü deyirlər.
Bəs görəsən, məsələ ilə bağlı hansı addım atılacaq? Sözügedən ərazinin mərkəzləşmiş kanalizasiya sistemi ilə təmin edilməsi nəzərdə tutulubmu?
Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlayıb.
Qurumdan sorğumuza cavab olaraq bu fikirlər səsləndirilib:
"Hazırda müəyyən ərazilərdə mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Lakin qeyd olunan məkan da daxil olmaqla artıq bir çox ərazilərdə tullantı su təchizatının qurulması istiqamətində layihə sənədləri hazırlanıb. Layihələrin icrası sistemin mövcudluğu, texniki vəziyyət və sair nəzərə alınmaqla həyata keçirilir. Layihələrin inşası ilə bağlı işlər isə plana uyğun olaraq, mərhələlərlə aparılır.
İşlər mərhələli icra olunduğu üçün sözügedən ərazi ilə bağlı dəqiq tarix demək mümkün deyil".
Qeyd edək ki, video 2024-cü ilin yayında çəkilib, problem bu günə qədər davam edir.
Məhərrəm Əliyev
Rəylər