Bu il tələbə adını qazanan ən gənc abituriyentin 16 yaşı var.
Belə ki, Gülşən Rəşad qızı Məmmədli 621.2 balla Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına dövlət sifarişi əsasında qəbul olunub.
Uğur hekayəsi barəsində Oxu.Az-a danışan Hikmət Tağıyev adına 72 nömrəli məktəb-liseyin məzunu Gülşən Məmmədli uşaqlıqdan həkim olmağı arzuladığını söyləyib.

O, arzuları uğrunda çalışaraq buna nail olduğunu bildirib:
"Uşaq vaxtından həkim olmaq istəyirdim. Çox uşaq bəlkə də həkim olmağı arzulayıb, lakin sonradan hədəfləri dəyişib. Amma mən öz istəyimdən dönməmişəm. Ona görə də tibb sahəsinə yönəldim və buna nail oldum. Universitetdə təhsilimi başa vurduqdan sonra xaricdə cərrahiyə üzrə rezidentura təhsili almaq istəyirəm. Daha sonra ölkəmə qayıdıb işimə davam edəcəyəm".

Gülşən Məmmədli bu yolda yaxınlarının ona çox dəstək göstərdiyini qeyd edib:
"Valideynlərim, babam və nənəm mənə çox dəstək olurdular. Hər yorulduğum anda mənə kömək ediblər. Ondan sonra isə məktəb müəllimlərim, repetitorlarım - hamısı mənə bəlkə də məndən çox inanır, ürəkdən dəstək olurdular".
O əlavə edib ki, hamı kimi birinci Azərbaycan Tibb Universitetini kodlaşdırsa da, qisməti Naxçıvan Dövlət Universiteti olub.

Gənc tələbə gələcək abituriyentlər üçün öz məsləhətlərini bölüşüb:
"Yüksək nəticə göstərmək asan deyil. Bu yol çox çətin yoldur. Amma ruhdan düşməmək lazımdır. Ruhdan düşəndə özünü itirməməlisən. Heç kim dəstək verməsə belə, insan özü-özünə dəstək olmalıdır. Çünki bu həyat onundur, gələcəkdə bu həyatı o yaşayacaq. Onu ən yaxşı şəkildə yaşamaq üçün əlindən nə gəlirsə, etməlisən.
Ancaq dərs oxumaqla iş yekunlaşmır, insanın dünya görüşü də olmalıdır. Dincəlmək üçün xüsusi vaxt seçməlisən.
Mən ilin əvvəlində həm məktəbə, həm də repetitor yanına gedirdim. Evdə olanda qalan vaxtımı dərsə sərf edirdim. Amma həftəsonları boş zamanlarımda valideynlərimlə gəzməyə gedir, ailəmlə vaxt keçirirdim. Əsas çətin dönəm son 1-2 ayda olur, çünki boş vaxt çox olmur. O da qısa bir zamandır, tez keçir".