24 və 25 iyul 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı ilə “Enactus Regionlarda” layihəsinin üçüncü təlimlər sessiyası uğurla başa çatıb.
Oxu.Az xəbər verir ki, “Enactus Regionlarda” layihəsi çərçivəsində növbəti səfər Quba şəhərinə olub. ATGTİ-nin əməkdaşları və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının kollektivi ilk olaraq ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül qoyaraq ulu öndərin xatirəsini ehtiramla yad ediblər. Daha sonra isə Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb və Vətən uğrunda canını fəda edənlərin unudulmaz xatirəsi hörmət və ehtiramla anılıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında (ADPU) keçirilən təlimlərin ilk günü universitetin direktoru Yusif Alıyev və “Enactus Azərbaycan”ın koordinatoru Rəşad Zeynalovun açılış nitqi ilə başladı. Açılış mərasimindən sonra layihənin koordinatoru Rəşad Zeynalovun “Sahibkarlığın əsasları və Enactus” mövzusunda çıxışı baş tutub. Daha sonra təşkilatçılar tərəfindən təlimlərdə iştirak edən tələbələrin şəbəkələşməsinə töhfə verəcək oyunlar oynanılıb. Sessiyanın ilk günü Dövlət Turizm Agentliyinin Quba Destinasiya Menecmenti Təşkilatının direktoru Heybət Əliyevin moderatorluğu ilə “Biznes” mövzusunda keçirilən təlimlə yekunlaşdı.
Layihənin sonuncu günü mütəxəssislər tərəfindən keçirilən təlimlərlə davam edib. ADPU Quba filialının direktor müavini, Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Aysel Şeydayevanın təqdimatında “Təqdimat və nitq mədəniyyəti”, Asan Xidmətin Quba filialının vətəndaşların qəbulu işinin təşkili üzrə baş məsləhətçi Xəyyam Şahbazovun təqdimatında “Karyera və şəxsi İnkişaf” mövzularında baş tutmuş təlimlər sessiyası ilə ikinci gün uğurla yekunlaşıb.
Təlimlərdə aktiv iştirak edən ADPU-nun Quba filialının tələbəsi Abdullayeva Şəbnəm layihə ilə bağlı öz xoş təəssüratlarını belə bölüşüb:
“İki gün ərzində keçirilən təlimlərdə iştirak etdim və bu təlimlər bizə gələcəkdə özümüzü inkişaf etdirmək üçün yaxşı təəssüratlar bağışladı, universitetimizin qalib Enactus komandası ilə görüş və mükafatlandırılması gənclərdə böyük motivasiya yaratdı. Bu isə gənclərə göstərilən diqqət və qayğının hər zaman yüksək səviyyədə olmasının bariz nümunəsidir! Hər şeyə görə çox sağ olun!”
Qeyd edək ki, layihə çərçivəsində ilk iki səfər Gəncə və Naxçıvan şəhərlərinə baş tutub. Qarşıdan gələn həftələr ərzində Azərbaycanın digər bölgələrinə də səfərlər ediləcək, regionlarda yaşayan gənclərə sahibkarlıq bilik və bacarıqları aşılanaraq onların regionların inkişafına töhfə verməsinə zəmin yaratmağa çalışılacaqdır.