Ermənistanın paytaxtı İrəvanın sakinləri Rusiyanın “Qazprom” şirkətini Ermənistandan qovmağı tələb edirlər.
AZE.az xəbər verir ki, Rusiyanın İrəvandakı səfirliyinin qarşısında bu respublikaya satılan qazın qiymətinin artırılmasına qarşı etiraz aksiyası baş tutub. Bu barədə Armenia Today yazır.
Tədbirdə “Qazın bahalaşmasının qarşısını alaq” təşəbbüs qrupunun üzvləri iştirak ediblər.
Onlar Rusiyanın Ermənistandakı səfiri İvan Volınkinə məktub verməyə çalışıblar. Məktubda qazın bahalaşmasının digər kommunal xərclər və ümumiyyətlə qiymət artımına gətirəcəyi qeyd olunubmuş. Onun müəllifləri həmçinin bu məsələ ilə bağlı ictimai dinləmələr keçirmək üçün qazın qiymətini artırmağı təxirə salmağı xahiş ediblər.
Epress.am yazır ki, fəallar səfirliyin qarşısına “Rusiya, Ermənistandan rədd ol!” və “Qazprom, Ermənistandan rədd ol!” şüarları ilə çıxıblar. Aksiya iştirakçılarının sözlərinə görə, rusiyalı qaz inhisarçısı ölkəni tərk edərsə, Ermənistan İrandan qaz ala bilər. Bundan başqa, onların sözlərinə görə, alternativ enerji mənbələrindən də istifadə etmək olar.
Səfirlikdən heç kim piketçilərin qarşısına çıxmayıb. Onlar məktublarını poçt qutusuna ataraq dağılışıblar.
Qeyd edək ki, “Qazprom” Ermənistan üçün qaz tariflərini hazırkı 180 dollardan 270 dollaradək artırmaq niyyətindədir – bu barədə hələ mayın ortalarından xəbər verilirdi. Gözlənildiyi kimi, yeni tariflər iyulun əvvəlində qüvvəyə minəcək. Bununla yanaşı, ölkədə qazın yeni qiymətləri hələ müəyyənləşdirilməyib. Bu məsələ ilə Ermənistanda ictimai xidmətlərin tənzimlənməsi komissiyası məşğul olur.
Bundan əvvəl isə ölkənin baş naziri Tiqran Sarkisyan bildirib ki, hökumət qazın qiyməti artırıldığı təqdirdə onun dəyərinin 30%-ni ödəməyə hazırdır.
www.aze.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin