Azərbaycan prezidenti İlham Əliyev bir neçə gün əvvəl ölkə vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması və hərbi xidmət müddətini başa vurmuş hərbi qulluqçuların evə buraxılması haqqında sərəncam imzaladı.
Amma sirr deyil ki, Azərbaycanda min cür yolla hərbi xidmətdən yayınmağa çalışan adamlar da az deyil. Məsələn, analoji problem Rusiyada da mövcuddur. Və hərbi xidmətdən yayınanlarla mübarizənin sərtləşdirilməsi üçün Rusiya Dövlət Dumasının müzakirəsinə yeni qanun layihəsi çıxarılıb – qanun qəbul olunarsa, ordudan yayınanlar yüsək vergi ödəməli olacaqlar.
“Bizdə alternativ xidmət haqqında müddəa olsa da, indiyədək qüvvəyə minməyib – hərbi ekspert Üzeyir Cəfərov “Exo”ya bildirib. – Azərbaycan vətəndaşlarının alternativ hərbi xidmət keçmək hüququ olmalıdır. Lakin bu qanun qəbul olunmadığı üçün insanlar müxtəlif bəhanələrlə ordudan yayınmağa çalışırlar. Bundan başqa, hesab edirəm ki, vətəndaşlarımızın orduda xidmətdən möhlət almaq kimi qanuni hüquqlarından istifadə edə bilmələri üçün şərait yaradılmalıdır. Lakin belə qanuni hüquq yoxdur və bəzən orduya çağırılanlar müəyyən çətinliklərlə qarşılaşırlar, onların bir hissəsi əsgər getməməyə çalışır. Lakin bunun özü də müəyyən çətinliklərə gətirir, cinayət işləri qaldırılır, insanlar axtarışa verilir
Üzeyir Cəfərov deyir ki, bu məsələnin Gürcüstan, Türkiyə və ya digər ölkələrdə olduğu kimi həll yolları var.
“Əgər insan xidmət etmək istəmirsə, qoy müəyyən məbləğdə pul ödəsin, əgər onun sağlamlığı ilə bağlı problemləri varsa, qoy dövlət ona möhlət versin. Bir sözlə, burada çoxlu variant, çoxlu nümunələr var, sadəcə müvafiq strukturların məsələ üzərində işləmələri tələb olunur. Lakin bütün bunlar olmadığı üçün, insanlar bəzən qeyri-qanuni yollarla hərbi xidmətdən yayınırlar, belə deyək, hərbi bileti satın alırlar. Bu, ölkənin güc strukturlarının imicinə zərbə vurur, silahlı qüvvələrdə isə belə hallar olmamalıdır.
Təəssüf ki, müvafiq strukturların ildən ilə belə mənfi faktların sayının azaldığını bəyan etmələrinə baxmayaraq, onlar yenə də var. Hərbi məhkəmələr və prokurorluqların hesabatlarına baxmaq kifayətdir və aydın olacaq ki, bizdə hər il nə qədər adam hərbi xidmətdən yayınmağa çalışır. Bəli, hərbi xidmətdən yayınmaq istəyənlərin sayının çox olduğunu söyləmək olmaz. Lakin heç bir əsaslı bəhanəsi olmadan hərbi xidmətdən yayınanlar, hərbi xidmətdə getdikdən sonra isə çətinliklərlə qarşılaşıb ordudan qaçanlar var. Yəni, insanlar müxtəlifdir. Bundan başqa, son vaxtlar Azərbaycanın hərbi qulluqçularının ölümləri ilə bağlı hadisələrdən sonra xidmət etmək istəməyən şəxslərin sayı artıb. Bu ölüm halları onsuz da zəif xarakterli bəzi insanları daha da qorxudub. Bütün bunlardan sonra onlar əsgərliyə getməmək qərarına gəliblər” – Ü.Cəfərov vurğulayıb.
Ekspertin rəyinə görə, bu məsələdə Rusiyanın təcrübəsi də prinsip etibarilə nəzərdən keçirilə bilər.
“Gec ya tez, bu məsələni həll etmək lazımdır. Hələlik bizdə müharibə vəziyyətində olduğumuzu əsas gətirib heç bir addım atmırlar. Mən bu rəyi paylaşmasam da, bir daha demək istəyirəm ki, bu gün Azərbaycanda hər il belə tendensiya müşahidə olunur ki, insanlar tez qayıtmaq üçün orduya daha tez getməyə üstünlük verirlər” – deyə, ekspert vurğulayıb.
Exo
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin