Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan 200 ildən sonra mərmər, qranit yataqları ilə məşhur olacaq – Rəy
Azərbaycanın tanınmış şairlərindən olan Qabilin oğlu Mahir Qabiloğlu Modern.az saytında “Bacarırsan yaşa, bacarmırsan öl” başlığı altında bir məqalə ilə çıxış edib.
Müəllif öz yazısında cəmiyyətimizin mövcud problemlərinə toxunub və Azərbaycanda bugünkü yas mərasimi haqqında bir qədər geniş məlumat verib. Məqalənin müasir yas adətinə aid hissəsini olduğu kimi təqdim edirik:
“Bir anlıq situasiyanı göz önündə canlandırmaq istəyirəm. Əziz bir Adamın ölüb. Dərdin qalır bir yana. İlk növbədə qəbir yeri tapmaq problemi gəlir durur göz önündə - Pul axtarırsan. Məscidə gedərək islam adətlərinə əməl etmək istəyirsən - Pul axtarırsan. Tabut, cənazə, xüsusi maşın - Pul axtarırsan. Qohum-əqrəba kömək edir, borca girirsən. Nəhayət dəfn mərasimini bir təhər başa çatdırırsan. Onu da qeyd edək ki, dövlət tərəfindən qanuna əsasən bu proseslərin aparılmasına az da olsa pul ayrılır, bu faktdır. Amma o da faktdır ki, xərclər ayrılan pulu qat-qat üstələyir. Lakin əsas məsələ bundan sonra başlanır. Qapına adamın gəlir, evinsə darısqal.
Gedib çadır danışırsan. Çadır quranlar isə əvvəlcə sənin qarşına böyük bir menyü qoyurlar.
“Yəqin ki, hüzrə gələnlərə çay verəcəksiniz? Çayın yanında nə olsun? Limon, halva, şəkərçörəyi, badambura, ləbləbi, noğul-araxis, şəkər-araxis, tumlu, yoxsa tumsuz xurma, marmelad və sairə. Ağız silməyə salfetka. Meyvələrdən armud, alma, apelsin, mandarin, tumlu və kişmiş üzüm. Mineral su -2 cür. Qazsız su. Yaydırsa hökmən soyuducu lazımdır. Çadır böyükdür, mollanın boğazına güc düşməsin deyə səsgücləndirici. Yeməyə nə olsun? Aş, yanında iki cür qarası, qaysı- kişmişi. Salatı, göyərtisi, Gəncə dovğası, motal pendiri, təndir cörəyi”.
Ölü yiyəsi bilmir öz dərdinə qalsın, yoxsa bütün bunları həyata keçirsin. Fikirləşir, edim, yoxsa etməyim. Bu zaman Rüfət Əhmədzadənin “Qonşudan qalma dala” şeiri düşür yada. (Düzdü, o başqa mənada yazmışdı). Sonra, “Axı mənim mərhum anam və ya atam və ya qardaşım və ya arvadım və ya uşağım kimin ölüsündən əskikdir?” kəlamı gəlir ortalığa. Ən nəhayət isə “Qohum-qonşu nə deyər?” deyərək borca-xərcə girib razılıq verir.
Çadıra girəndə fikirləşirsən ki, qız evinə “Həri”yə gəlmisən, yoxsa yasa? Özü də deyəsən razıdırlar, yoxsa ortaya bu qədər şirni-mirni düzməzdilər. Yeməyə baxırsan elə bil ki, toy aşı ortalığa gəlir. Bircə arağı-şampanı çatışmır. Amma yox, cəld tərpənənlər də olur, “Bonaqva” butulkasında araq da gətirirlər. Hərdən içindəkini unudub, “Ruhu şad olsun. Yaxşı kişiydi, yeyib-içən oğlan idi” sağlıq da deyirlər. Bu yerdə Aqşin Babayevin AzTV-də efirə gedən teletamaşası yada düşür.
Deyəcəksiniz ki, axı imkanı olanlar da var, onları bu siyahıya niyə qatırsan? Ehsandı da, qoy versinlər. Demaqoqluq eləmə, de “Allah qəbul eləsin”. Tələsməyin imkanı olanlar bu siyahıya aid deyillər. Aeroportda, vağzalda, turizm şirkətlərində VİP deyilən bir termin var. Ölmədik bu günü də gördük. ”Yas sənayesi” o qədər inkişaf edib ki, indi VİP, SUPER çadırlar, VİP, SUPER yas mərasimləri meydana gəlib.
Yas mərasimin hüzn əhval ruhiyyəsi həm də rəngdə hiss olunur. VİP çadırlar isə “Dədə Qorqud” filmində oğlu olanlar üçün qurulan ağ rəngdədir. Necə deyərlər dəbdəbə. Elə bilməyin ki, işlər bununla bitir. Əsla... Qəbiristanlığa gəlirsən. Yaxınlaşırlar ki, “Ay ölü yiyəsi, qəbirin ətrafında bir az yer var, çox yox – 100 kvadrat metr. Götür, peşman olmazsan. Günü-gündən də qiyməti qalxır. Biz də gördük. Yasa çox qohum-əqrəba gəlmişdi. Hamının da son mənzili buradır. Kvadrat metri filan qiymətə”.
Bir anlıq öz ölümün və bundan sonra əmələ gələn çətinliklər gəlib durur göz önündə. Uşaqların əziyyət çəkməməsi ücün işini ehtiyatlı tutmağa qərar verirsən. Alver də bundan sonra başlanır. Hasar daş üzlük olsun, yoxsa qranit? Döşəməsi nədən olsun? Bəlkə hələ əvvəldən qəbir yerlərini hazır qoyaq. Üstünü plitkalayaq? Bu təkliflərin qabağında isə aciz qalırsan. Çünki insanın qorxduğu yeganə şey ölümdür.
Sonra isə sənə sinə daşlarının nümunəsini göstərirlər. Daş, mərmər, qranit, büst, heykəl, qorelyef, barelyef, fotoəks. “Bir yanğılı şeir olsa, onu da sinə daşına yazarıq. Buna görə pul almarıq. ”Za scyot firma” deyərək minnət də qoyurlar. Bundan sonra bir sual meydana cıxır: “Ay filankəs sən müsəlmansan, yoxsa bütpərəst? Axı qəbir yerlə yeksan olmalıdır?” Bunun isə bir cavabı var “Qınaq bütün dinlərdən üstündür. Bunları eləməsəm qohum-qonşu nə deyər?”
Belə getsə Azərbaycan 200 ildən sonra mərmər, qranit yataqları ilə məşhur olacaq…
www.modern.az
Rəylər