Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Erməni ifaçının oxuduğu "Yarımgilə" mahnısının platformalardan silinməsi üçün bildiriş göndərilib
"Musiqisi Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus, sözləri bayatılardan ibarət olan "Yarımgilə" adlı mahnının erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən ifa edilməsi, "Facebook" və "TikTok"da yayılması faktı Əqli Mülkiyyət Agentliyində araşdırılır".
Oxu.Az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.
Bildirilib ki, bununla bağlı C.Quliyev 2024-cü il 31 iyul tarixində agentliyə dəvət olunub. Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov tərəfindən qəbul edilərək, mahnının erməni ifaçı tərəfindən oğurlanması faktı onunla müzakirə olunub. C.Quliyev erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən pozulmuş müəlliflik hüquqlarının bərpasına köməklik göstərilməsi barədə agentliyə ərizə ilə müraciət edib.
Məsələ ilə bağlı agentliyin ekspertləri Azərbaycan Respublikasının xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov növbəti erməni oğurluğu ilə bağlı bildiriblər ki, ümumiyyətlə, Azərbaycan bəstəkarlarının bəstələdiyi musiqi əsərləri - operaları, simfoniyaları, mahnıları muğamın segah, bayatı-şiraz, şur, çahargah və digər muğamlar əsasında yazılır. Mahnı şüştər muğamının əsasında yazılıb və erməni ifaçının səsləndirdiyi mahnı ilə tam üst-üstə düşür.
Mahnı 1991-ci ildə bəstələnib və ilk dəfə 1993-cü ildə Azərbaycan Respublikasının xalq artisti Brilliant Dadaşova və C.Quliyev tərəfindən duet şəklində Azərbaycan Televiziyasında yayımlanıb. "YouTube" platformasında mahnının studiya çəkilişləri də yerləşdirilib. Mahnı C.Quliyevin ən məşhur bəstələrindən biridir.
C.Quliyev 2004-cü ildən başlayaraq agentlikdə (agentlik həmin vaxt Müəllif Hüquqları Agentliyi adlanıb) 41 musiqi əsərini qeydiyyatdan keçirib, onlardan dördü böyük simfonik orkestr üçün yazılmış əsərdir. Mahnı 2006-cı il 27 iyul tarixində qeydiyyatdan keçirilib və ona əsərin qeydiyyatı haqqında 3089 nömrəli şəhadətnamə verilib. Mahnı Gülay Zeynallı, Samirə Əfəndi, türk müğənnisi Ezgi Mertin və digər məşhur ifaçılar tərəfindən ifa edilib.
Mahnı erməni ifaçı Minas Ovanisyan (Mino) tərəfindən mənimsənilib, yəni C.Quliyevdən icazə almadan sözlərini dəyişərək ifa edib və bəstəkarın adını göstərməyib. Bununla da erməni ifaçı Minas Ovanisyan (Mino) tərəfindən C.Quliyevin şəxsi (qeyri-əmlak) hüquqları və əmlak (iqtisadi) hüquqları pozulub.
Bununla yanaşı bildiririk ki, mahnının sözləri (bayatılar) Azərbaycan xalqına məxsus olan folklor nümunəsidir. "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, digər dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədilə yalnız agentliyin icazəsi əsasında və istifadəyə görə haqq ödəməklə istifadə edə bilərlər. Bununla yanaşı, dərc olunmuş bütün əsərlərdə, folklor nümünələrinin kütləvi ifa və bildiriş hallarında onların mənbəyi, həmçinin istifadə olunan folklor nümunəsinin yarandığı yerin coğrafi adı və (və ya) mənsub olduğu xalqın (cəmiyyətin) adı dəqiq göstərilməlidir.
Bu hal, eyni zamanda, milli qanunvericiliyin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Ermənistanın üzv olduğu "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyasının 5-ci maddəsində təsbit edilmiş təməl prinsiplərindən biri olan "milli rejim" prinsipinin və tərəf olduğu digər beynəlxalq müqavilələrin, o cümlədən Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının pozulmasıdır.
Məlumat üçün bildirilib ki, C.Quliyev rəqəmsal şəbəkələrdə əmlak hüquqlarının idarəçiliyini bu sahədə fəaliyyət göstərən "Mikpro" MMC-yə verib. Məsələ ilə bağlı "Mikpro" MMC-nin rəhbərliyi ilə əlaqə saxlanılıb. MMC-dən erməni ifaçı Minas Ovanisyanın (Mino) ifasında olan mahnının bütün platformalardan silinməsi ilə bağlı bildirişlərin göndərildiyi qeyd edilib.
Agentlik "Rəqəmli və Audiovizual Yayım Sənayesi" İctimai Birliyi (RAYS) ilə birgə daha əvvəlki təcrübəni nəzərə almaqla C.Quliyevin pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı öz səlahiyyətləri çərçivəsində köməkliyini davam etdirəcək və nəticə barədə əlavə məlumat veriləcək.
"Əqli Mülkiyyət Agentliyi" teqi üzrə xəbərlər
- Şövkət Ələkbərovanın ifa etdiyi daha dörd mahnının erməni musiqisi kimi təqdimatının qarşısı alınıb
- "Yar gəldi yar" mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alındı
- Gürcüstan TV-lərində "Basqalı" rəqsi "erməni şalaxosu" kimi təqdim edilib? - Agentlik AÇIQLADI
- "Basqalı" rəqsi və "Bu qala, daşlı qala" mahnısının "erməni şalaxosu" kimi təqdim edilməsinə ETİRAZ
- Ermənilərin oğurladığı Azərbaycan mahnısı "YouTube"dan silindi
Rəylər