Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Eynəklər kömək etmir, günlük xilas etmir: Gözqamaşdıran işığa qarşı işləyən altı fənd
Səhər və axşam saatları, xüsusilə də aydın havalarda, avtomobil idarə etmək üçün ideal zaman hesab olunmur. Günəş şüaları birbaşa ön şüşəyə düşdükdə, yol demək olar ki, "yoxa çıxır", sürücü isə həqiqətən istiqaməti itirə bilər.
Oxu.Az xəbər verir ki njcar.ru portalı belə "korluq" saniyələrinin təhlükələri barədə araşdırma təqdim edib.
Eynəklər - hər dərdin dərmanı deyil
Demək olar ki, ilk edilən şey günəş eynəklərini taxmaq olur. Lakin oftalmoloqlar xəbərdarlıq edirlər ki, qaranlıq linzalı eynəklər bəzən təhlükəli vəziyyət yarada bilər. Xüsusilə günəş yandan düşəndə və ya yol ağacların, binaların kölgəsi ilə kəsişəndə - detalları görmək çətinləşir. Yolun kənarındakı kiçik obyektlər isə qaranlıq fonda "yoxa çıxır".
Dövlət Yol Polisi əməkdaşları da bildirirlər ki, eynəklər yalnız köməkçi vasitədir. Daha vacib olan isə sürətin azaldılması və diqqətin maksimum artırılmasıdır.
Şüşə və şüşəsilənlərin rolu
Göz qamaşdıran işığın təsiri çox zaman ön şüşədəki çirkli izlər və ya kiçik cızıqlarla daha da artır. Xüsusilə yay aylarında köhnəlmiş şüşəsilənlər parıltıya çevrilən izlər buraxır. Bunun qarşısını almaq üçün:
- Şüşəsilən fırçaları vaxtında dəyişdirilməlidir;
- Keyfiyyətli şüşəyuyan mayesindən istifadə edilməlidir;
- Şüşəyuyana bir qədər qabyuyan maye əlavə etmək də yağ və digər təbəqələrin təmizlənməsinə kömək edir.
Əgər şüşədə ciddi zədələr varsa, onun dəyişdirilməsi vacibdir. Bulanıq və cızıqla örtülü "linza" sürücü üçün təhlükə yaradır.
Günlük, oturacaq və... beysbol papağı
Avtomobildəki standart günəş qoruyucu günlük əlverişli vasitədir, lakin hər zaman yetərli olmaya bilər. Az tanınan, amma effektiv üsullardan biri də oturacağın hündürlüyünü tənzimləməkdir. Çoxları oturacağı aşağı salmağı üstün tutur - bu dəbli görünə bilər, amma praktik deyil. Oturacağın hündürlüyünü bir qədər artırmaqla göz qamaşdırmanın qarşısı alınır.
Bundan başqa, beysbol papağının günlüyü xüsusilə gün doğumu və gün batımı saatlarında günəş şüalarının qarşısını almaqda olduqca faydalıdır.
Kölgədə qalmaq - bəzən ən yaxşı çıxış yoludur
Bəzən ən sadə və təsirli üsul böyük bir avtomobilin - avtobus, furqon və ya yük maşınının - arxasınca getməkdir. Belə nəqliyyat vasitələri kölgəli bir zolaq yaradır. Yeganə şərt - təhlükəsiz məsafəni qorumaqdır. Bamperə "yapışmaq" nə təhlükəsizlik baxımından, nə də görüntü baxımından qəbulediləndir.