Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M.-ə işgəncələr verərək, xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəməsi keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən ifadə verib.
Zərərçəkən yeniyetmə Ü.M. xalası tərəfindən dəfələrlə zorakılığa məruz qaldığını bildirib:
"Dəcəllik edəndə, sözünə baxmayanda taxta ilə kürəyimdən, belimdən vururdu. Başıma taxta ilə elə bərk vurmuşdu ki, saçım qırxılandan sonra həmin yerdə tük bitmədi. Xalam dualar yazırdı, fala baxırdı. Evə xeyli adamlar gəlirdi, çoxu da qadınlar idi. Onlar duaların, fala baxmağın qarşılığında xalama qızıllar verirdilər, kartına pul köçürürdülər".
Növbəti proses oktyabrın 14-nə təyin edilib.
Xatırladaq ki, 2019-cu ildə Ü.M.-in atası Vüsal Məmmədov həyat yoldaşı Fəridə Məmmədovanı övladlarının gözü önündə amansızcasına qətlə yetirib. Hadisədən sonra Ü.M-in xalası Günay Novruzova Sabunçu Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Ü.M və onun qardaşına qəyyum təyin edilməsini xahiş edib.
2025-ci ilin 1 sentyabr tarixində Ü.M-in məişət zorakılığına məruz qalması barədə daxil olmuş şifahi məlumata əsasən, hüquq-mühafizə orqanlarının məsul nümayəndələri ilə birlikdə ailənin yaşadığı ünvana baş çəkilib. Məlum olub ki, yeniyetmə qəyyumu ilə birgə Lənkərandadır, daha sonra polislər onları Bakıya gətiriblər. Günay Novruzovanın qəyyumluğuna xitam verilib və o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən Günay Novruzova barəsində Cinayət Məcəlləsinin 133.2.4 (Əzabvermə - təqsirkar şəxs üçün aşkar xəstə, köməksiz və ya psixi pozuntu vəziyyətində olan, yaxud maddi, xidməti və ya başqa cəhətdən təqsirkar şəxsdən asılı olan şəxsə qarşı törədildikdə) 133.2.6 (xüsusi amansızlıqla, işgəncə verməklə törədildikdə) 178.3.2 (dələduzluq - külli miqdarda zərər vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Elgün Həsənli