Gün.Az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Qolf Federasiyasının (AQF) prezidenti Anar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, AQF tərəfindən Azərbaycanda qolfun tədrisi məqsədilə yaradılacaq Qolf Akademiyasında uşaqlara və gənclərə qolf idman növü öyrədiləcək, ən bacarıqlı olanlar isə Azərbaycanın ilk milli qolf komandasına seçiləcək.
“Bildiyiniz kimi, qolf 2016-cı ildə keçiriləcək Yay Olimpiya oyunları proqramına namizədlər sırasına daxil edildi və 2009-cu ildə Beynəlxalq Olimpiya Komitəsində keçirilən səsvermədə qəbul edildi. Federasiya olaraq bizim əsas hədəflərimizdən biri 2016-cı ildə keçiriləcək növbəti Olimpiya oyunlarında Azərbaycanı təmsil edəcək qolf oyunçularını yetişdirməkdir” – deyə, A.Məmmədov vurğulayıb.
Bundan başqa, Federasiya prezidenti hazırda gənc nəslin nümayəndələrinin bu idman növünə öyrədilməsi istiqamətində aparılan işlərdən danışıb. Onun sözlərinə görə, qolfun qısa zamanda əyləncəli və maarifləndirici şəkildə maksimum insanlara təqdim edilməsi üçün hazırda SNAG – “Start New At Golf” layihəsi həyata keçirilir:
“SNAG müxtəlif yaş və sosial təbəqələrə məxsus insanların özlərini qolfda sınamalarına imkan verən yeganə proqramdır.
İlk mərhələ olaraq biz bu proqramı Bakı şəhərinin məktəblərində həyata keçirməyə başladıq. Bu proqramda həm maarifləndirici, həm də əyləncə elementləri nəzərdə tutulub və onun sayəsində uşaqlarda qolfa maraq yaratmaq mümkündür.
Bu məqsədlə biz, xüsusi avadanlıq və material hazırlayaraq, qeyd olunan proqramı paytaxtın onlarla məktəbində pilot layihə kimi tətbiq etdik. Bu məktəblərdən ümumilikdə 1000 nəfər şagird qolf məşqlərinə yazılıb. Biz hansı məktəbə gedirdiksə, məktəb rəhbərliyi təkrar gəlməyimizi istəyirdi. Uşaqların reaksiyası bizi bu layihəni davam etdirməyə və daha çox məktəbi bu proqramın əhatə dairəsinə almağa həvəsləndirdi. Yeni tədris ilinin başlaması ilə bu layihənin həyata keçirilməsini sürətləndirməyi və Bakının ardınca digər şəhər və rayonlarda maksimum sayda insana qolfu tanıtmağı düşünürük” – deyə, o bildirib.
www.gun.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin