Bakıda Azad Mirzəcanzadə İnkişaf Proqramının II dalğasının Oriyentasiya Günü baş tutub.
Oxu.Az xəbər verir ki, bu təşəbbüs gənclərin liderlik bacarıqları, komanda işi və layihə düşüncə tərzini inkişaf etdirmək məqsədilə həyata keçirilir.
Proqram iştirakçılara müasir dövrün real çağırışlarına cavab verən möhkəm şəxsi və peşəkar baza formalaşdırmağa, fərdi sosial məsuliyyətini artırmağa və cəmiyyətin müsbət dəyişikliklərinə fəal şəkildə qatılmağa kömək edir.
Tədbir ölkənin müxtəlif bölgələrindən gəncləri bir araya gətirib - iştirakçıların 40%-i Bakını əhatə etməyən regionlardan olub. Onların sırasında Lənkəran, Qazax, Naxçıvan, Gəncə, Füzuli və digər şəhərlər yer alır.
Tədbir çərçivəsində proqramın məqsədləri və imkanları təqdim olunub, tanışlıq sessiyaları və komanda məşğələləri keçirilib, eləcə də iştirakçılar, mentorlar və ekspertlər arasında davamlı əlaqə yaradacaq "Notion" əsaslı rəqəmsal platforma təqdim olunub
Tədbirdə dəvət olunmuş spikerlər xüsusi sessiyalar keçiriblər: ADNSU Xarici Tələbələrlə İş Mərkəzinin rəhbəri Səbinə Əliyeva "Azad Mirzəcanzadənin irsi: dəyərlər və elmdə qoyduğu izlər" mövzusunda çıxış edib; "Uğur Yolu" Etik Liderlik İnkişaf Mərkəzinin təsisçisi Vüqar Sadıq "Fərdi sosial məsuliyyət, ümumi rifah və etika" mövzusunda təqdimat nümayiş etdirib.
Günün əsas hadisələrindən biri isə "Şəxsi brendinq və şəxsi məsuliyyət" mövzusunda təşkil edilən panel müzakirəsi olub. Müzakirədə Azad Mirzəcanzadənin yetirmələri və öz sahəsində uğur qazanmış peşəkarlar iştirak ediblər:
Spikerlər qismində Milli Məclisin deputatı Şahin Seyidzadə, Lökbatan Tibb Mərkəzinin şöbə müdiri Zülfiyyə Abbasova, "PAŞA Holding" MMC-nin Qrup üzrə Maliyyə və Təşkilati Həllər Departamentinin Satınalmalar üzrə meneceri Məlik Abdullayev, Texnologiya və transformasiya üzrə partnyor "Deloitte"in nümayəndəsi Tural Hacıyev çıxış ediblər.
Paneldə şəxsi məsuliyyət, liderlik potensialının inkişafı, brendinq və şüurlu karyera quruculuğu barədə fikir mübadiləsi aparılıb.
Proqramın rəhbəri Leyla Seyidzadə yaxın dövr üçün planları təqdim edib: iştirakçılar iyun ayının sonuna qədər layihə ideyalarını yekunlaşdıracaq və daha sonra üç ay ərzində onların reallaşdırılması üzərində işləyəcəklər. Bu müddətdə onlar mentor və ekspert dəstəyi ilə müşayiət olunacaqlar.
Proqrama müraciət hələ də açıqdır. Aşağıdakı meyarlara uyğun gələn bütün gənclər iştirak üçün müraciət edə bilərlər:
İştirak şərtləri:
- Yaş: 18-35
- Azərbaycan Respublikası vətəndaşlığı
- Sosial əhəmiyyətli layihəyə çevrilə biləcək innovativ və ya yaradıcı ideya
Müraciət linki.
Azad Mirzəcanzadə İnkişaf Proqramının II dalğasının Oriyentasiya Günündə "Fərdi sosial məsuliyyət, ümumi rifah və etika" adlı təlim baş tutub.
Oxu.Az xəbər verir ki, təlimi Uğur Yolu, Etik Liderlik İnkişaf Mərkəzinin təsisçisi Vüqar Sadiq aparıb.

Vüqar Sadiq insanların fərdi sosial məsuliyyəti, bunun ümumi rifaha təsiri məsələsi barədə geniş mühazirə ilə çıxış edib.
Təlim zamanı proqramın ikinci dalğasında iştirak hüququ qazanan komandalar arasında mövzu ilə bağlı diskussiya baş tutub.
Oriyentasiya Günü çərçivəsində, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Xarici Tələbələr Mərkəzinin rəhbəri Səbinə Əliyeva "Azad Mirzəcanzadənin irsi: dəyərlər və elmdə qoyduğu izlər" adlı təqdimatla çıxış edib.
Mərkəz rəhbəri Azad Mirzəcanzadə şəxsiyyətindən, onun insan kapitalına töhfələrindən geniş söz açıb.
Akademikin adına təsis olunan inkişaf proqramının 18-35 yaş arasındakı şəxslər üçün geniş imkanlar yaratdığı vurğulanıb.
Daha çox foto burada: PhotoStock.az
Məhərrəm Əliyev