Dünyaca tanınmış “Paghera Green Service Societa Agricola S.R.L.” şirkəti ilə Rusiyada yaşayan Azərbaycan əsilli biznesmen arasındakı qalmaqalla bağlı yeni detallar üzə çıxıb.
Oxu.Az-ın müxbiri bu məsələ ilə bağlı bəzi gizlinləri üzə çıxarıb və qalmaqala nöqtə qoyub.
Vəkilin sözlərindən:
“Su kimi aydındır ki, milyarder Fərhad Əhmədovun və əlaltılarının etdikləri təqsirsizlik prezumpsiyasının pozulmasıdır. Onlar hər yerdə deyirlər ki, “Paghera Green Service Societa Agricola S.R.L.” şirkətinin icraçı direktoru Massimo Alberti oğrudur.

Birincisi, məhkəmə qərarı olmadan heç kim insanı ağır cinayətdə ittiham edə bilməz.
İkincisi, Əhmədovun komandası bu “müharibə”də bütün İtaliya və italyanları çirkaba batırıb.
Onlar deyirlər ki, bütün italyanlar oğru və dələduzdur, bu, onların qanındadır. Əhmədovun komandasının fəaliyyətindən sonra müdafiə etdiyim şəxs İtaliyanın Azərbaycandakı səfirliyinə müraciət edib”, - Albertinin vəkili Kamandar Nəsibov sualımızı cavablandırarkən deyib.
Bizim vəkillə söhbətimizə qarşımızda oturan “Paghera Green Service Societa Agricola S.R.L.” şirkətinin icraçı direktoru Massimo Alberti də qoşulub:

“İş burasındadır ki, Fərhad şəxsən mənə istədiyini deyə bilərdi, ancaq mənim xalqımı bu mübahisəyə qatmaq doğru deyil. İndi bununla bağlı İtaliyanın Bakıdakı səfirliyinə müraciət etmişəm. Güman ki, yaxın bir neçə gün ərzində biz səfirliyin reaksiyasını görəcəyik.
Həmçinin qeyd edilib ki, “Paghera” şirkəti guya dünyanın müxtəlif ölkələrində öz müştərilərini aldadıb. Bu, tamamilə yalandır. Bizim uzun illik tariximiz var, ancaq bu günə qədər heç bir şikayət almamışıq”.
Massimonun sözlərinə görə, hər kəs danışa və yaza bilər, bəs sübutlar haradadır?
“Bizim də sübutlarımız var. Əlimizdə Fərhad Əhmədov və onun şirkətinin fəaliyyətinə qarşı kifayət qədər sübutlar var. Sübutlar maliyyə fırıldaqlarından tutmuş vergi ödəməkdən yayınma, İtaliya firmalarının əməkdaşlarına təhdidlər və torpaq məsələləri ilə bağlıdır.
Azərbaycan mənim ikinci evimdir. Bakı mənim doğma şəhərimdir. Bakıda İtaliya və italyanlar təhqir edilən zaman mənim vəziyyətimi təsəvvür edin! Vəd etdilər ki, şikayətim bir neçə saat ərzində İtaliya baş nazirinin müavini Matteo Salvininin masasının üzərində olacaq. Ümid edirəm ki, onlar cəzasız qalmayacaq”, - müsahibimiz bildirib.
İttihamlara konkret cavablar:
Onlar iddia edir ki, İtaliya şirkətinə doqquz milyon avro ödənilib.

Cavab: Bütün xərclərin qəpiyinə kimi yazıldığı sənədlər var. Bu isə İtaliyadan sifariş verilmiş mallar nəzərə alınmaqla, 10 milyon avrodan çox edir.
İddialarda “Paghera” şirkətinin nöqsanları aradan qaldırmadığı bildirilib.
Cavab: Onlar deyirlər ki, gəlib nöqsanları aradan qaldırmaq vacibdir, özləri isə işçiləri əraziyə buraxmırlar. Videogörüntülərdə iqamətgahın mühafizəçilərinin öz rəhbərliyinə “Paghera Green Service Societa Agricola S.R.L.” şirkətinin icraçı direktoru Massimo Albertinin nöqsanları aradan qaldırmaq üçün gəlməsini məruzə etməsi əks olunub. Buna cavabında yüksək səslə Azərbaycan dilində deyilir: Rədd elə onları oradan!
“İlk saziş 2016-cı il dekabrın 14-də bağlanıb. Sazişə əsasən, biz bu ərazidə 91 min 327 ədəd gül, bitki və ağac əkməli idik. Biz həmin əraziyə 116 min 462 bitki gətirmişdik. Bunu hansısa bitkinin korlana biləcəyi ehtimalı ilə gətirmişdik. Sonra 21 min 535 bitki dəyişdirildi. Bununla biz sazişdə göstəriləndən 3600 ədəd çox bitki əkdik. Bəzi bitkilərin qiyməti 1500 avrodan çox idi”, - vəkil Kamandar Nəsibov əlavə edib.
Massimo deyib ki, əməkdaşları işlərini dəqiqliklə görürdü və Fərhad Əhmədov onların pulunu vaxtında verirdi:
“Hər şey normal idi, ancaq “işə” iş icraçısı Bəhlul Bayramov qarışdı”.
Məhz Bəhlul görülən işlərlə bağlı Əhmədovun qarşısında hesabat verir. Hər dəfə Əhmədov onun “hesabatları”ndan sonra İtaliya şirkətinə qarşı iddia səsləndirirdi, ancaq işlər plan üzrə və dəqiqliklə aparılırdı.
“O, məqsədli şəkildə əməkdaşlarımızı təhdid edirdi. Biz gec başa düşdük ki, Bəhlul Fərhad Əhmədovu aldadaraq, bizə ayrılan pulları özünə götürmək istəyir. O, var gücü ilə bizə pislik etməyə çalışırdı. İşin birinci və ağır mərhələsini biz gördük. Bizim mütəxəssislərimiz işləri sona çatdıran zaman bizi oradan uzaqlaşdırmağa başladılar. Axı çətin işlər artıq görülmüşdü. Onlar bizdən işi öyrəndilər və əraziyə öz adamlarını gətirdilər”, - Massimo bildirib.
KİV-də daim bu məsələ ilə bağlı yayımlanan məqalələrdə Fərhad Əhmədovun işlərin düzgün aparılmadığı və “Paghera” şirkətinin əməkdaşlarının səhvlər buraxdığı ilə bağlı iddiaları yer alıb.
Hamı bu səhvlərdən və yarımçıq işlərdən danışır, ancaq dəqiq hansı səhvlərdən söhbət getməsi ilə bağlı informasiya yoxdur.
“Bizim texniki tikinti dövründə səhvimiz olub. Mən şəxsən demişəm ki, bizim səhvlərimiz olub və bunları aradan qaldıracağıq. Onlar hətta bundan xəbərsiz idilər. Yalnız bir səhvimiz olub. Bu da cığırlarla bağlıdır. Sementdə səhvə yol verilib.
Tikinti işləri zamanı belə şeylər olur. Biz səhvimizi etiraf etdik və onu düzəldəcəyimizi bildirdik. Ancaq bu, Bəhlul üçün “əsas” oldu və o, bizi işlərdən uzaqlaşdırdı”, - Massimo sualımıza cavab verərkən deyib.
İcraçı direktor tikinti işləri zamanı Əhmədovun iqamətgahında baş verən bir hadisəni qeyd etdi.
“Biz yeri qazmaq üçün traktorla işlər aparırdıq. Bizə iş apardığımız yerin xəritəsi təqdim olunmamışdı və yüksək gərginlikli elektrik xətlərinin haradan keçdiyini bilmirdik. Biz qazmağı davam etdirirdik. Əlbəttə ki, traktorlardan biri hansısa elektrik xəttinə toxunmalı idi. Belə də oldu.
Bu, çox bahalı kabellər idi və biz zədələnmiş bütün kabelləri dəyişdik. Bunun üçün Bəhlula 20 min avro verdik. Bundan başqa, onlar zədələnmiş kabelləri oğurladılar. Bunu “metallom”a verib, qarşılığında beş min avro əldə etmək olardı”, - Massimo deyib.
Sonda yenidən söhbətimizə vəkil Kamandan Nəsibov qoşuldu. Onun sözlərinə görə, onlar indi gömrükdən bir çox şeyləri sübut edəcək sənədlər gözləyirlər.
“Bu sənədlərlə biz Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova müraciət etmək niyyətindəyik. Ümid edirik ki, səfirlik və baş prokurorluq bu işi diqqətlə araşdıracaq və Fərhad Əhmədovun “fırıldağı” ilə məşğul olacaq”, - vəkil əlavə edib.
Ə.Ş.
www.oxu.az