Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
FHN Xaçmazda uçmuş körpü ilə bağlı məlumat yaydı - YENİLƏNİB + FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmazda uçmuş körpü ilə bağlı məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, bu gün səhər saatlarında Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində yerləşən körpü uçub və hadisə zamanı VAZ-2106 markalı minik avtomobili çay yatağına düşüb.
Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzinin xilasediciləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla avtomobilin qaldırıcı kran vasitəsilə çay yatağından təxliyəsi həyata keçirilib.
Həmçinin, FHN-in Şimal Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları avtomobillərin hərəkəti üçün müvəqqəti təşkil olunmuş alternativ yolda təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazidə xidmət aparır.
12:23
Xaçmaz-Xudat yolunun üzərində yerləşən avtomobil körpüsünün uçma səbəbi məlum olub.
Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Bildirilib ki, intensiv yağan yağışlar nəticəsində dayaqların altı boşalıb, çökmə qeydə alınıb:
“Körpü sel suları səbəbindən uçub. İntensiv yağıntılar dayağı yuyub. Nəticədə dayaqların altı boşalıb, çökmə qeydə alınıb. Texniki cəhətdən istismara yararlıdır. İstismar müddəti başa çatmayıb.
Körpü qəzalı vəziyyətdə də olmayıb. Hazırda mütəxəssislər cəlb olunublar. Bərpa istiqamətində işlər başlanılacaq”.
10:27
Gəndob-Xaçmaz-Yalama yolunun 27-ci kilometrliyində körpünün uçması zamanı avtomobilin çaya düşməsi nəticəsində xəsarət alanların kimliyi məlum olub.
“Report”un Şimal bürosunun məlumatına görə, bunlar Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Əlisafa Abas oğlu Heybətov, Bakı şəhər sakini - 1984-cü il təvəllüdlü Efsun Əsgər oğlu Qarayev və Xaçmaz rayon sakini - 1999-cu il təvəllüdlü Elvin Tofiq oğlu Səfərəliyevdir.
Yaralılar FHN əməkdaşları tərəfindən təxliyə edildikdən sonra Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
09:57
İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, hadisədən dərhal sonra əraziyə Agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır. Sürücülər alternativ olaraq Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən istifadə edə bilərlər.
09:28
Xaçmaz-Xudat yolunun üzərində yerləşən avtomobil körpüsü uçub.
APA-nın verdiyi məlumata görə, Qudyalçayın üzərində yerləşən körpünün uçması nəticəsində bir minik maşını çaya düşüb, xəsarət alanlar var.
Xudat istiqamətində avtomobillərin hərəkəti məhdudlaşıb.
Nəzrin Vahid
Rəylər