Əmək pensiyaları haqqında qanuna dəyişikliklər məsələsini ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müzakirə etmişik. Bu məsələ nazirlərin müzakirəsindən sonra hökumətə, daha sonra isə daha yuxarı qurumlara çatdırılacaq.
Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bu gün keçirilən brifinqdə bildirdi.
Elman Mehdiyev qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş 2014-2020-ci illər Pensiya Konsepsiyası qeyd etdiyi dövrdə Azərbaycan pensiya sistemində köklü dəyişiklikləri ifadə edir.
Bu dəyişikliklər nəticəsində, Azərbaycanda sosial sığortalanmada ödənilən sosial sığorta vəsaitləri fərdi hesablara qeydiyyatı sxemi tamamilə dəyişəcək, yeni əsaslarla təmin olunacaq. Hazırda ödənilən sosial sığorta haqlarının 50%-i fərdi yatırılır, 50%-i isə ümumi istifadədə qalır.
Sədrin sözlərinə görə, dəyişiklik nəticəsində pensiyaların yeni mexanizmdə hesablanmasına başlanılacaq:
"Qanunvericiliyə dəyişiklikdən sonra bütün sosial sığorta haqlarının fərdi hesabda 100%-lik qeydiyyata alınacaq. Digər tərəfdən, pensiyaların yəni yeni düstur əsasında hesablanması ortaya qoyulacaq. Bu isə baza hissəsinin rekruzitivliyini artıraraq, pensiyaların 100%-lik pensiya kapitalından asılı olaraq hesablanma mexanizmini ifadə edir.
Bunun bir çox üstünlükləri var. Çünki bu gün sosial sığorta haqlarının ödənilməsində yüksək əmək haqqı alan insanların 50%-nin itki ilə üzləşmələri onların bu sahədə aktiv iştirakını azaldan bir fakt kimi çıxış edir. İlk növbədə bu problem aradan qaldırılacaq və bu daha çox səslənən əmək haqlarının leqallaşması və iş yerlərinin tam qeydiyyatı sistemini iqtisadi üsullarla tam təmin edəcək".