Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Fransa səfirliyi 2 saata Leyla Yunusa 5 illik viza hazırlayıb
Aprelin 28-də iki saat ərzində Fransanın Azərbaycandakı səfirliyi Leyla və Arif Yunuslar üçün 5 illik viza rəsmiləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya diplomatik mənbədən məlumat daxil olub.
Məlumata görə, məqsəd Leyla və Arif Yunusları ölkədən çıxararaq, onları Fransada yerləşdirmək olub.
Verilən məlumatda o da bildirilib ki, bu məsələdə Fransanın Azərbaycandakı səfirliyinə ABŞ-ın Azərbaycandakı səfirliyi də dəstək verib.
Mənbə qeyd edib ki, həmin gün Parisə təyyarə reysi olmasına baxmayaraq, Yunus ailəsinin Azərbaycandan Dohaya yola salınması planlaşdırılıb:
“Daha sonra isə onlar Parisə yola salınacaqlarmış”.
Qeyd edək ki, aprelin 28-də saat 23:00 radələrində L.Yunus və həyat yoldaşı Arif Yunus Fransanın Azərbaycandakı səfirliyinin katibi və ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili, həmçinin “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin müşayiəti ilə hava limanına gəliblər.
Lakin Azərbaycan hüquq-mühafizə orqanları onları hava limanında saxlayıb və geri qaytarıb.