"Azərbaycana gələn çinli turistlərin sayı bu ilin doqquz ayında ötən ilin eyni dövrü ilə müqayisədə 49 faiz artaraq 57 min nəfərə çatıb".
Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən "Çin Ziyarətçiləri Sammiti"ndə çıxışında bildirib.
Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində əldə olunan razılaşmalar iki ölkə arasında turizm sahəsində əməkdaşlıq üçün yeni mərhələ açıb.
O qeyd edib ki, hazırda Çinlə turizm əlaqələrində iki əsas istiqamətə - ölkəmizdə "China Ready" konsepsiyasının tətbiqinə və Çində marketinq fəaliyyətlərinin genişləndirilməsinə xüsusi diqqət verilir. Fuad Nağıyev bu kimi tədbir və təşəbbüslərin Azərbaycan və Çin arasında qarşılıqlı turist axınının artmasına, iqtisadi və mədəni əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Aqil Vəlili