Bakının Ziya Bünyadov prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 27 may, saat 2:45-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Ziya Bünyadov prospekti ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.
"Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə yerində aparılan ilkin tibbi baxış zamanı 26 yaşlı (kişi cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.
28 yaşlı (kişi cinsli) şəxsə təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilib. Pasiyent açıq kəllə-beyin travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Hadisə nəticəsində xəsarət alan 42 yaşlı (qadın cinsli) şəxsə də qapalı kəllə-beyin travması diaqnozu ilə yerində ilkin tibbi yardım göstərilib və hospitalizasiyadan könüllü şəkildə imtinası qeydə alınıb", - deyə məlumatda bildirilir.
Bakının Ziya Bünyadov prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli məlumat verib.
"Hadisə mayın 27-si, saat 2:50-də qeydə alınıb.
"Daewoo Gentra" markalı 99-GC-972 dövlət nömrə nişanlı avtomobil sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılıb.
Nəticədə avtomobilin sürücüsü - 1991-ci il təvəllüdlü Elvin Razi oğlu Babazadə hadisə yerində həyatını itirib. Onun sərnişini isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə açıqlamada qeyd olunur.
Ötən gecə Bakının Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə zamanı iki avtomobil toqquşub.
Xəsarət alanların olduğu bildirilir.
Hadisənin görüntülərini təqdim edirik:
Daha detallı məlumat üçün aidiyyəti quruma sorğu verilib.
Əzizə İsmayılova