XV əsrin memarlıq incilərindən biri olan Diri Baba türbəsi Qobustan rayonunun Mərəzə kəndində yerləşir.
Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, 1402-ci ilə aid olan bu abidə, qayalıqda yerləşməsi və unikal memarlıq xüsusiyyətləri ilə Şirvan-Abşeron memarlıq məktəbinin ən önəmli nümunələrindən hesab edilir.
Türbə iki mərtəbədən ibarətdir və ağ əhəngdaşından inşa olunub. Birinci mərtəbədə səkkizguşəli, günbəzli kiçik dəhliz və çatma tağ tavanlı otaq yerləşir.

İkinci mərtəbə isə naxışlarla bəzədilmiş, günbəzli dördkünc böyük salondan ibarətdir. Memarın adı dəqiq məlum olmasa da, divarlarda yalnız "Ustad Hacı oğlu" yazısı qalıb.
Türbə ilə bağlı yerli xalq arasında maraqlı rəvayətlər var. Əfsanəyə görə, burada dəfn edilmiş şəxsin meyiti uzun illər çürüməyib, buna görə abidəyə "Diri Baba" adı verilib.

Məşhur türk səyyahı Övliya Çələbi 1647-ci ildə "Səyahətnamə" əsərində bu barədə yazaraq, türbənin içində səcdə vəziyyətində dayanan bir qoca gördüyünü qeyd edib. Yerli camaatın inanışına görə, bu qocanın üzərindəki boz əba parçaları müqəddəs hesab olunur.
Diri Baba türbəsi yerli əhali tərəfindən müqəddəs məkan sayılır və Şirvan-Abşeron memarlığında orta əsrlər tərzinin inkişafını göstərən önəmli abidədir. Abidə seysmik aktiv zonada yerləşdiyi üçün təbii proseslərin təsirindən dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Bu səbəbdən 1955-ci ildə türbənin bərpası və möhkəmləndirilməsi işləri aparılıb, dağılmış hissələr yenidən bərpa edilib.
2022-ci ildə "Diri Baba" türbəsində yenidən bərpa işləri aparılıb və turizm infrastrukturu yaradılıb.
Ərazidə bulaq, qurbangah və söhbətgah tikilib, meydan döşəməsi yenilənib, türbəyə qalxan pilləkənlər yenidən üzlənib, ərazi abadlaşdırılaraq oturacaqlar quraşdırılıb. Eyni zamanda, türbədə gecə işıqlandırılması təmin edilib, kommunikasiya xətləri qurulub və yenilənib. Bununla bərabər, sel sularını axıdan kanal bərpa olunub, türbə kompleksinin ətrafı çəpərlənib, həmçinin 20 yerlik avtodayanacaq tikilib.
XV əsrə aid və abidənin ayrılmaz tərkib hissəsi olan tarixi qəbiristanlığın ərazisində 40 qəbir tədqiq edilib və annotasiyası hazırlanıb. Qəbiristanlığın ərazisi abadlaşdırılıb, burada şeyxlərdən birinin türbəsi aşkar edilərək arxeoloji işlər aparılıb. Abidənin ətrafındakı 8 mağara tədqiq olunub, onlardan bir neçəsi turistlərin ziyarət edə bilməsi üçün təmizlənərək hazır vəziyyətə gətirilib. Bu abidənin daş kitabəsi tədqiq edilərək rəqəmsal surəti çıxarılıb.
Diri Baba türbəsi həm tarixi, həm memarlıq, həm də mifik aspektləri ilə Azərbaycan mədəniyyətinin qiymətli mirası olaraq qorunmaqdadır.








Daha çox foto burada: PhotoStock.az