Bu gün gecə saatlarında “Azərbaycan” İES-də baş verən qəza zamanı “Bakı Metropoliteni”ndən 154 nəfər çıxarılıb.
Bunu Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, həmin şəxslər fərqli tunellərdən çıxarılıb:
“QSC-də belə bir qayda var ki, tuneldən sərnişin çıxarılan zaman mütləq elektrik enerjisinin verilməsi dayandırılmalıdır. Düzdür, dünən sərnişinlər çıxarılan zaman elektrik enerjisi olmayıb.
Amma qaydalara əsasən, sərnişinlər təxliyyə edilmədən əvvəl dispetçer əmr verir və xətlərdən gərginlik çıxarılır. Daha sonra sərnişinlər panikaya düşməsin deyə dərhal qəza işıqları yanmır. Bütün qaydalara riayət edilib”.
Bu gün sosial şəbəkələrdə yayılan insanların tuneldən çıxarılmasını əks etdirən video ilə bağlı Bəxtiyar Məmmədov qeyd edib ki, “Bakı Metropoliteni” QSC ilə bağlı yayılan video axşam çəkilməyib:
“Ötən gecə heç bir sərnişinin səhhətində və psixoloji durumunda problem yaranmayıb. Sərnişinlərin sayı az olduğundan onların təxliyyəsində çətinlik olmayıb.
Video axşam çəkilməyib. Çünki işçilər operativ şəkildə işləyiblər. Hazırda qurum tərəfindən həmin video ilə bağlı araşdırma aparılır”.
Sözügedən videonu təqdim edirik:
Gecə saatlarında metroda sərnişinlər tuneldən çıxarılıb
İlhamə Əbülfət
www.oxu.az
Rəylər