Bu gecə Gəncə şəhərində Heydər Əliyev prospekti ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində yol qəzası qeydə alınıb.
Oxu.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə sakini Amin Məmmədov idarə etdiyi “VAZ 2109” markalı avtomobillə Şah İsmayıl Xətai prospekti ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn Zaur Əliyevə məxsus “Mercedes”lə toqquşub. Nəticədə hər iki avtomobilə xeyli ziyan dəyib.
Bundan başqa “Mercedes” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq piyada, 47 yaşlı Namiq Hüseynovu vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun səhhətini orta-ağır kimi qiymətləndirib. Qeyd edək ki, Zaur Əliyev Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşıdır.
Həkim Rəfail Əsədov: “Bizə avtomobil vurulması nəticəsində bir nəfər - 1967-ci il təvəllüdlü Gəncə şəhər sakini Hüseynov Namiq Nadir oğlu gətirilib. İlkin müayinə zamanı bədənin müxtəlif nahiyələrində əzinik və sıyrıqlar aşkarlanıb. Xəstəyə tibbi yardım göstərilib və stasionar müalicə üçün palataya yerləşdirilib”.
Faktla bağlı araşdırma aparılır.